GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KEÇİRİLƏN SEMESTR İMTAHANLARI YÜKSƏK QİYMƏTLƏNDİRİLİB

Gəncə Dövlət Universitetində təhsilin müxtəlif səviyyəsində  əyani və qiyabi formalarda müvafiq ixtisaslarda təhsil alan tələbələrin yaz semestr imtahanının təşkili prosesini müşahidə etmək üçün “açıq qapı” günü təşkil olunub.

Gəncə Dövlət Universitetinin Mətbuat xidməti bildirir ki, Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən keçirilən “açıq qapı” günündə kütləvi informasiya vasitələri, təhsil üzrə ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, “açıq qapı” gününün təşkilində əsas məqsəd auditoriyalarda imtahanların gedişini izləmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunmasını müşahidə etməkdir.

Əvvəlcə “açıq qapı” gününün iştirakçılarına universitetdə imtahan prosesinin mövcud qaydalara və normativ sənədlərə uyğunluğu, eləcə də zəruri hazırlıq tədbirləri barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə imtahan qərargahı, apellyasiya komissiyası və “qaynar xətt” yaradılıb. Müşahidəçilər universitetdə fəaliyyət göstərən imtahan qərargahı, apellyasiya komissiyası və “qaynar xətt”- in iş prinsipi ilə tanış olublar.

Vurğulanıb ki, qərargahın yaradılmasında məqsəd imtahanların gedişində obyektivliyi və şəffaflığı, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin etmək, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat verməkdir.

Sonra Seçmə fənlər üzrə keçirilən imtahanlarda universitetin İqtisadiyyat və İdarəetmə, Tarix-Coğrafiya, Pedaqoji, Fizika və Ümumi texniki Fənlər fakültəsində təhsil alan 200 nəfər tələbənin biliyi qiymətləndirilib.

Sonda təhsil ekspertləri, media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.