“MİLLİ QƏHRƏMANLARIMIZI TANIYAQ VƏ TANIDAQ”

14 oktyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı tədbir keçirilmişdir.Tədbirdə universitetin tələbələri ilə yanaşı Gəncə şəhərinin 4 və 39 nömrəli məktəblərinin müəllimləri və şagirdləri də iştirak edirdilər.

Dünyanın mədəni xalqlarından biri olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, onun tarixini yaradan şəxsiyyətlərlə, vətənin azadlığı naminə canını fəda edən oğul və qızları ilə də  haqlı olaraq öyünmüşdür.

Milli qəhrəmanlarımızı yaxından tanımaq və onlar haqqında gənc nəsili məlumatlandırmaq məqsədi ilə keçirilən tədbirdə Pedaqoji fakültənin II kurs tələbəsi Fidan Əsədullayeva, Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Leyla Zülfiqarlı Milli qəhrəmanlardan Allahverdi Bağırov, Akif Əkbərov, Bəylər Ağayev, Cavanşir Rəhimov, Çingiz Mustafayev, Cəlil Səfərov, Baxşeyiş Paşayev, Etibar İsmayılov, Salatın Əsgərova və Mübariz İbrahimovun şəxsi və döyüş həyatı haqqında məlumatlar vermiş, Tarix-coğrafiya fakültəsinin II kurs tələbəsi Rəsmiyyə Zeynalova şəhidlərin xatirəsinə həsr olunmuş şeir söyləmişdir. Sonda qəhrəmanlar haqqında iki video çarx izlənilmişdir.

Tədbir tələbə və şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.