SƏMİMİ GÖRÜŞLƏR  KEÇİRİLMİŞDİR

Bir neçə gündür ki, Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov imtahan sessiyası ilə bağlı dekan və müəllimlərin iştirakı olmadan bütün ixtisasları əhatə edən tələbələrlə görüşlər keçirmişdir. İlk öncə dördüncü kursun tələbələrini dinləmiş, onların ehtiyac və xahişlərinin ödənilməsi üçün lazımi şəraitin yaradılması istiqamətində  göstərişlər vermişdir. Nəticədə həmin tələbələr uğurla imtahanları başa vurmuşlar.

Rektor I,II,III kurs tələbələri ilə görüşündə ölkəmizin iqtisadi-sosial sahədə, eləcə də təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açıb, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müddəalarının reallaşmasında görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, dövlətimizin qayğısı nəticəsində Gəncə Dövlət Universitetində də ciddi işlər aparılır. V korpus əsaslı təmir edilir. İki fakültə həmin korpusda yerləşdiriləcək. Tam Avropa standartlarına cavab verəcək bu binada tələbələr üçün ən müasir şərait yaradılacaqdır. Yaxın vaxtlarda da tələbə yataqxanasının bir binasının təmirinə başlanacaq. Universitetdə təhsil üçün vacib olan maddi-texniki baza zənginləşdirilir, laboratoriyalar, auditoriyalar lazımi avadanlıqlarla təmir edilir.

Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə ictimai təşkilatların gördüyü işlərdən bəhs edən rektor, tələbələrin də istər bilik yarışmalarında, istər. respublika festivallarında, istərsə də idman sahəsində Universitetin şərəfini layiqincə qoruduqlarını xüsusilə vurğulamışdır.

Professor Yusif Yusibov imtahanların daha şəffaf keçirilməsi sahəsində görülən işlərdən də danışmışdır. Nəzərə çatdırmışdır ki, tələbə özünə güvənməklə imtahanlara hazırlaşıb obyektiv qiymətini almalıdır. Hər bir neqativ hal vaxtında aşkarlanıb aradan qaldırılacaqdır.

Bundan sonra zalda qurulan mikrafonlar vasitəsilə tələbələrin bütün sualları, fikirləri dinlənilmiş, mümkün olan məsələlər yerindəcə həll edilmiş, digərləri vaxt tələb etdiyindən  nəzarətə alınmışdır.

Olduqca səmimi və sərbəst əhvali-ruhiyyədə keçən görüş tələbələrin ürəyincə olub və onlar görüşün təşkili üçün universitet rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Rəhbərlik də öz növbəsində ənənəvi olan bu görüşlərin təhsilin inkişafına və universitetdə sağlam abu-havanın yaradılmasına böyük təsir göstərdiyini qeyd  etrmişdir.