SON SINAQ DƏRSLƏRİ

Pedaqoji təcrübə nəzəri biliklərin yoxlanılması, dərinləşməsi, peşəyə yiyələnmə, metodiki üsulları mənimsəmə, şagirdlərlə işləmə və s.üçün əsl məktəbdir. Gəncə Dövlət Universitetinin tələbələri bu məsələləri bilir və ona görə də pedaqoji təcrübələrdən daha səmərəli istifadə etməyə çalışırlar. III kursların son sınaq dərsləri onların uğurlarından xəbər verir.

Təhsildə sosial-psixoloji xidmət ixtisasının III kurs tələbəsi Aysel Allahverdiyevanın Gəncə humanitar kollecinin 233 qrupunda  pedaqoji psixologiya fənnindən “Pedaqoji fəaliyyətin psixoloji əsasları”, İnformatika müəllimliyi ixtisasının III kurs tələbəsi Aysel Alıyevanın N.Nərimanov adına 25 saylı tam orta məktəbin 6-cı sinfində informatika fənnindən “”Alploqo proqramında dövrlər və naxışlar” adlı mövzuların tədrisi ilə bağlı keçirdikləri açıq dərslər nümunəvi dərslər səviyyəsində olmuşdur. Tələbələr nəinki nəzəri biliklərini nümayiş etdirmiş, hətta müasir dərsə verilən tələblərə yaxından tanış olduqlarını, texnoloji vasitələrdən  məharətlə istifadə etmə  bacarıqlarını da təqdim edə bildilər. Ona görə də şagirdlərin mövzuları asanlıqla qavradıqları açıq-aşkar hiss olundu.

Dərslərin müzakirəsində iştirak edən  Təcrübə və karyera şöbəsinin müdiri, dosent Mahir Məmmədov, şöbənin təcrübə rəhbəri Cabbar Qarayev, Riyaziyyat-informatika fakültəsinin dekanı dosent Oruc Hüseynov, İnformatika kafedrasının müdir dosent Əkrəm Aslanov, rəhbər müəllimlərdən baş müəllim Kəmalə Salmanova, baş müəllim Leyla Həsənova, baş müəllim Pərvanə Məmmədova təcrübəçi tələbələrin açıq dərslərindən razı qaldıqlarını xüsusilə vurğuladılar..