ƏCNƏBİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

Gəncə Dövlət Universitetində təhsil alan xarici ölkə vətəndaşları olan tələbələrlə görüş keçirilib.

Görüşdə çıxış edən universitetin rektoru, professor Yusif  Yusibov bildirib ki, universitetdə fəaliyyət göstərən 8 fakültədən 7-də xarici ölkə vətəndaşları olan əcnəbi tələbələr təhsil alır. Ali təhsil müəssisəsinin keçdiyi tarixi inkişaf yolu, son illər elm və təhsil sahəsində qazanılan uğurlar, çoxsaylı beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verən rektor universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlanaraq onlara təhsillərində uğurlar diləyib.

Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə əcnəbi tələbələrə universitet seçimində yanılmadıqlarını qeyd edərək, düzgün istiqamətdə irəliləməkdə onlara daim yardımçı olacaqlarını vurğulayıb.

Əcnəbi tələbələr universitetdə onların təhsil almaları üçün yaradılmış hərtərəfli şəraitə görə universitetin rektoru Yusif Yusibova, professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda universitetin rektoru əcnəbi gənclərə tələbə biletlərini təqdim edib.