Gəncə Dövlət Universitetinin tələbələri üçün ekoloji maarifləndirmə təlimi keçirilib

Gəncə Dövlət Universitetində “Ekoloji Renesans” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlam Həyat Tərzinin Təşviqi” layihəsi çərçivəsində 150-yə yaxın tələbələri üçün ekoloji maarifləndirmə təlimi keçirilib.

Tədbiri giriş sözü ilə açan GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva ekoloji maarifləndirmənin gənclərin dünya görüşünün formalaşmasında, sağlam həyat tərzinin təşviqində və ətraf mühitə məsuliyyətli münasibətin inkişafında əhəmiyyətini vurğulayıb.

“Ekoloji Renesans” İctimai Birliyinin sədri Leyla Məmmədova bu təlimin keçirilməsinə yaradılan şəraitə və göstərilən dəstəyə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovav, eləcə də bütün kollektivə təşəkkürünü bildirib. Leyla Məmmədova çıxışında layihənin məqsədləri və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. O, gənclərin inkişafının dəstəklənməsi, könüllülük fəaliyyətinin təşviqi, ekoloji təşəbbüslərin genişləndirilməsi və gənclərin ideyalarının praktik layihələrə çevrilməsi üçün imkanların yaradılmasının vacibliyindən danışıb.  

Tədbirdə oftalmoloq, uzman həkim Fuad Hidayətov iqlim dəyişikliklərinin və ətraf mühit amillərinin göz sağlamlığına təsiri mövzusunda çıxış edib. O, ultrabənövşəyi şüalanma, havanın çirklənməsi, tozlu mühit və ekstremal hava şəraitinin göz sağlamlığı üçün yarada biləcəyi risklərdən bəhs edib. Həmçinin gözlərin günəş şüalarından qorunması, göz quruluğunun qarşısının alınması və müntəzəm oftalmoloji müayinələrin əhəmiyyəti barədə praktik tövsiyələr verib.

GDU-nun Ekologiya kafedrasının müəllimi, layihə təlimçisi Vüsal Musayev iqlim dəyişikliklərinin səbəbləri və nəticələri, su ehtiyatlarından səmərəli istifadə, tullantıların azaldılması və təkrar emal, bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi və biomüxtəlifliyin qorunması məsələlərini elmi və praktiki aspektlərdən izah edib.

Tədbirdə mövzu ətrafında tələbələri maraqlandırılan suallar cavablandırılıb.