GDU-da akkreditasiya üzrə tövsiyə və göstərişlərin icrası ilə bağlı iclas keçirilib
Gəncə Dövlət Universitetində (GDU) Akkreditasiya Komissiyasının Yekun Hesabatında əksini tapan tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 23 oktyabr 2026-cı il tarixində iclas keçirilib.
İclasda universitetin rektoru Yusif Yusibov, prorektorlar, universitet üzrə Akkreditasiya Komissiyasının üzvləri, fakültə dekanları, kafedra müdirləri və struktur bölmələrin rəhbərləri iştirak ediblər.
Rektor Yusif Yusibov bildirib ki, TKTA-nın ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafikinə uyğun olaraq aparılan qiymətləndirmənin nəticələrinə əsasən, Akkreditasiya Şurasının qərarı ilə Gəncə Dövlət Universiteti növbəti üç il müddətinə institusional akkreditasiyadan keçmiş, eyni zamanda, “İbtidai sinif müəllimliyi” təhsil proqramı üzrə akkreditasiya olunmuş hesab edilmişdir. Rektor çıxışında Akkreditasiya Komissiyasının Yekun Hesabatında göstərilən tövsiyə və göstərişlərin vaxtında və keyfiyyətlə icra olunmasının, eləcə də müvafiq sənədlərin müəyyən edilmiş qaydalara uyğun hazırlanmasının vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, Akkreditasiya Şurasının müvafiq qərarı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) əmrləri əsasında akkreditasiya nəticələri üzrə müəyyən edilmiş tövsiyə və göstərişlərin icrasının təmin edilməsi universitet qarşısında duran əsas vəzifələrdəndir.
Daha sonra İnnovasiyalar Departamentinin direktoru, İşçi qrupunun rəhbəri Vasif Həsənov çıxış edərək rektorluğun müvafiq əmri ilə yaradılmış İşçi qrupu tərəfindən hazırlanmış 2026/2027–2028/2029-cu tədris illərini əhatə edən Fəaliyyət Planının layihəsi barədə məlumat verib. Bildirilib ki, sənəd Akkreditasiya Komissiyasının Yekun Hesabatında göstərilən tövsiyə və göstərişlərin icrasını təmin etmək məqsədi daşıyır. Qeyd olunub ki, növbəti akkreditasiya qiymətləndirilməsinədək hər tədris ili üzrə həyata keçiriləcək tədbirləri əhatə edən fəaliyyət planlarının hazırlanması, TKTA ilə razılaşdırıldıqdan sonra universitetin Elmi Şurasında təsdiq edilməsi nəzərdə tutulur. Eyni zamanda, hər tədris ilinin sonunda təsdiq edilmiş fəaliyyət planlarının icra vəziyyətinə dair illik hesabatların Agentliyə təqdim olunması planlaşdırılır.
İclasda Fəaliyyət Planının layihəsində nəzərdə tutulan istiqamətlər üzrə iştirakçıların rəy və təklifləri dinlənilib, sənəd ətraflı müzakirə edilib. Sonda Fəaliyyət Planınında irəli sürülən təkliflərin müzakirəsi və sənədin təsdiqə hazırlanması məqsədilə növbəti iclasın keçirilməsi qərara alınıb.





