ƏLİL TƏLƏBƏLƏRİN I FORUMU 

02 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Baş binasının iclas zalında  3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə  Əlilliyi olan Tələbələr üçün Mərkəz və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “İnklüziv təhsilin müasir strukturu və onun əsas inkişaf yollarına dair” mövzusunda Əlil Tələbələrin I Forumunun açılışı olmuşdur.

Tədbir iştirakçıları III mərtəbənin foyesindəkidə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoymuş, xatirə şəkli çəkdirmişlər. Gəncə Dövlət Universitetində təhsil alan əlil tələbələrin əl işlərindən ibarət sərgi hər bir insanda xoş təəssürat yaratmışdır.

Dövlət himninin səslənməsindən sonra  Milli Məclisin deputatı, Universitetin elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə forumu açıq elan edərək son illərdə əlillərə göstərilən dövlət dəstəyindən danışmış, həm hüquqi, həm də təşkilati tədbirlərlə əlillərin cəmiyyətə inteqrasiyası və onların sosial qayğı ilə əhatə olunması üçün Azərbaycan dövləti tərəfindən bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsini xüsusilə nəzərə çatdırmışdır. Heydər Əliyev Fondunun sağlamlıq imkanları məhdud insanlara qayğısından bəhs edən videoçarx isə Pərvin xanımın fikirlərinə əsas vermişdir.

Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva iştirakçılara son illər Universitetdə görülən işlər, müxtəlif mövzulu tədbirlər haqqında məlumat verib, əlil tələbələrə göstərilən qayğıdan, xüsusən rektor professor Yusif Yusibovun onlara diqqətlə yanaşmasından danışmışdır.

Forumda çıxış edən Əlilliyi olan Tələbələr üçün Mərkəzin direktoru Farizə İsmayılzadə iştirakçılara mərkəzin məqsəd və fəaliyyət istiqamətlərini açıqlamışdır. Bildirmişdir ki, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən mərkəz Xəzər Universitetinin koordinatorluğu ilə Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP-Tempus layihəsi çərçivəsində fəaliyyətə başlayıb. Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əlil Təşkilatları İttifaqı ilə əməkdaşlıq etdiklərini qeyd edərək, əlilliyi olan tələbələrin ali təhsilə cəlb olunması, onların təhsilinə maneçilik törədə biləcək  məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işləri layihənin əsas məqsədi olduğunu bildirmişdir.

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə ofisinin rəhbəri Aygün Həsənzadə təmsil etdiyi qeyri-hökumət təşkilatının bu istiqamətdə reallaşdırdığı layihələrdən və görülən işlərdən söz açmışdır. Digər çıxışlarda cəmiyyətin daha həssas qrupu olan əlillərə hər bir insan  tərəfindən diqqət və qayğı göstərilməsinin vacibliyi bildirilmişdir.

Tədbirin sonunda  Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Gəncə Dövlət Universitetində təhsil alan bir qrup əlil tələbəyə tibbi müayinə kartları təqdim olunmuş, istedadlı tələbələr konsert proqramı ilə çıxış etmişlər.

Dekabrın sonunadək Forum çərçivəsində müxtəlif tədbirlərin həyata  keçirilməsi qərara alınmışdır.