ALMAN AKADEMİK MÜBADİLƏ XİDMƏTİNİN TƏQAÜDÜNÜ QAZANDILAR

Azərbaycanda yüksək səviyyəli mütəxəssislərin hazırlanması ehtiyacını və bu  ehtiyacın Alman Akademik Mübadilə Xidmətinin (DAAD) və onun üzv universitetlərinin ödəmək imkanlarını nəzərə alaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı sazişə əsasən 6 ildir ki, Gəncə Dövlət Universitetində yay kursları imtahanları keçirilir. Bu vaxtdadək GDU-nun 13 tələbəmiz təşkilatın təqaüdünü qazanaraq, Almaniyada ixtisasartırma kurslarına qatılıbdır ki, onlardan 4 tələbə hal-hazırda öz təhsilini davam etdirməkdədir.

02 dekabr 2016-cı il tarixdə  Gəncə Dövlət Universitetinin Baş binasında növbəti imtahan təşkil olunmuşdur. Qərb regionunun ali məktəb tələbələrini əhatə edən bu imtahanın keçirilməsində  Alman Akademik Mübadilə Xidmətinin assistentlərindən Zəliha Gültəkin,Hikmət Kamallı, Universitetin Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov, Alman dili kafedrasının müdiri  baş müəllim Elvin Atakişiyev və kafedranın bu sahədə böyük təcrübəsi olan baş müəllim Vüsalə Kərimova fəallıq göstərmişdir.

Tələbə seçimi iki mərhələdə keçirilir. Onlayn imtahından keçmiş tələbələrə inşa imtahanı zamanı sertifikatlar da təqdim olunmuşdur.

20 tələbənin qatıldığı inşa imtahanı zamanı Azərbaycan Dövlət Aqrar Universitetindən bir tələbə və Gəncə Dövlət Universitetindən 3 tələbə  B1 və A2 səviyyəsini qazanaraq Almaniyanın müxtəlif şəhərlərində 1 aylıq kurs keçmək üçün Almaniya təşkilatının təqaüdünə layiq görüldülər.

Qəbul zamanı imtahanın təşkilatçıları yaradılan şəraitə və diqqətə görə rektor professor Yusif Yusibova öz minnətdarlıqlarını bildirdilər.