ƏLİL TƏLƏBƏLƏRLƏ TƏLİM-SEMİNAR
04 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində “Əlilliyi olan tələbələr üçün mərkəz”in dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə təminatı ilə təhsil alan əlil tələbələrlə təlim-seminar keçirilmişdir. Təlim-seminar Tarix-coğrafiya fakültəsinin II kurs tələbəsi Aysel Cəfərovanın rəhbəri olduğu “Qorunan tarix müasir gəncliyin gözündə” adlı layihənin icrasına həsr edilmişdir.
Təlim-seminarda Universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Respublika Əlil Təşkilatları İttifaqının Gəncə şöbəsinin rəhbəri Elmira İsmayılova, Əlilliyi olan tələbələr üçün mərkəzin direktoru Farizə İsmayılzadə, Gəncə şəhərində fəaliyyət göstərən Qeyri-hökumət təşkilatı nümayəndələri, “Dəstək qrupu”nun üzvləri, Universitetdə təhsil alan əlil tələbələr iştirak etmişlər.
Təlimi Universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə giriş sözü ilə açaraq layihənin müasir dövr üçün aktuallığından və əhəmiyyətindən danışmış, müasir dövr gənclərinin bu sahəyə maraq və diqqətini xüsusi olaraq diqqətə çatdırmışdır.
Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva tələbələrə xalqımızın, xüsusilə ərazisinin 20%-dən çoxunun işğal altında olan Odlar yurdu Azərbaycanımızın, o cümlədən Dağlıq Qarabağın tarixini dərindən öyrənməyi tövsiyyə etdi.
“Əlilliyi olan tələbələr üçün mərkəz”in direktoru Farizə Ismayılzadə çıxışına Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə başladı: “Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub saxlayır”. Layihənin rəhbəri Aysel Cəfərovaya isə təhsilində, rəhbəri olduğu layihənin həyata keçirilməsində uğurlar dilədi.
Layihənin rəhbəri Aysel Cəfərova layihənin mahiyyətindən danışaraq, gənclərin qədim və müasir tariximizə daha ətraflı və dolğun şəkildə bələd olmalarını əsas məqsəd kimi nəzərə çatdırdı.
Tarix-coğrafiya fakültəsinin tyutoru Etibar Musayev milli mənəvi dəyərlərimizin əsası olan tarixi abidələrimizdən, onların qorunub gələcək nəsillərə çatdırılmasının vacibliyindən ətraflı məlumat verdi.
Təlim-seminarda iştirak edən Respublika Əlil Təşkilatları İttifaqının Gəncə şöbəsinin rəhbəri Elmira İsmayılova öz ölkəsinin tarixini dərindən bilməyin hər bir vətəndaşın borcu olduğunu vurğulamaqla yanaşı Aysel Cəfərovaya işlərində uğurlar dilədi.
Təlim-seminarda aparılan müzakirələr xüsusi marağa səbəb oldu.