MÜƏLLİM HƏM DƏ YAXŞI PSİXOLOQ OLMALIDIR

07 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında Psixologiya kafedrasının təcrübəli, illərlə biliklərini tələbələrə həvəslə çatdıran  baş müəllim Leyla Həsənovanın Psixologiya fənnindən “Xarakter psixologiyası” mövzusunda açıq dərsi olmuşdur. Dərsin dinlənilməsində Psixologiya kafedrasının müdiri dosent Zümrüd Cavadova, dosent Zülalə Aslanova, Monitorinq qrupundan dosent Cəfər İbrahimov, “Ümumi texniki fənlər” kafedrasının müdiri dosent Elçin Cavadov, baş müəllim Arzu Bağırzadə həmçinin kafedranın digər üzvləri, eyni zamanda Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət müəllimliyi, Texnologiya müəllimliyi ixtisaslarının tələbələri iştirak etmişlər.

Dərsin üstün cəhəti o oldu ki, müəllim müasir texniki vasitələrdən məharətlə istifadə etməklə fikrini aydın surətdə dinləyicilərə çatdıraraq, qarşıya qoyulan tələblər səviyyəsində  öz məqsədinə nail ola bildi. Xarakterlər psixologiyasının incəliklərini açmaqla “Müəllim həm də yaxşı psixoloq olmalıdır” fikrini özünəməxsus şəkildə bir daha vurğuladı. Təbii ki, hər tələbənin öz xarakteri, öz psixoloji dünyası var. Çox vaxt bu psixoloji anlar,bütövlükdə psixoloji durum şagirdlərin özlərinə belə məlum olmur. Müəllimin ustalığı da hər bir şagirdin psixoloji dünyasına yaxından bələd olmaqla və  buna əsaslanaraq onların müsbət mənada xarakterlərinin formalaşmasına, şəxsiyyət kimi yetişmələrinə nail olmaqdan ibarətdir. Müəllim şagirdin psixologiyasına nə qədər yaxından bələd olduqca onunla davranması  da olduqca asanlaşar və məqsədə çatmaq olar.

Açıq dərsin müzakirəsi də səmərəli keçdi. Bu həm də əməkdaşların qarşılıqlı fikir mübadiləsinə, bir-birinin təcrübələrindən istifadə etmələrinə imkan yaratmış olur. Bu baxımdan da iştirakçılar baş müəllim Leyla Əliyevanın açıq dərsini yüksək qiymətləndirdilər.