“Əsrin müqaviləsi” adlı konfrans keçirildi

Sentyabrın 22-də  Gəncə Dövlət Universitetində  Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Əsrin müqaviləsi“ nin imzalanmasının 20 illiyinə həsr olunmuş konfrans keçirildi.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Universitetin Elm və texnika üzrə prorektoru Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin dahiyanə siyasəti nəticəsində Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılaraq 1994-cü il sentyabrın 20-də bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınan neft kontraktlarının imzalandığını vurğulayıb. “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışan P.Kərimzadə bu sazişin müstəqil Azərbaycanın inkişafında mühüm rolunu vurğulayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında, möhkəmləndirilməsində və dünyaya tanıdılmasında əvəzsiz tarixi xidmətlərindən, neft strategiyasından bəhs edən videoçarx nümayiş etdirildi. Universitetin YAP Ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə “Əsrin müqaviləsi“ və onun mahiyyəti haqqında geniş məlumat verdi.

Biologiya-kimya fakültəsinin tələbəsi Tanrıverdi Həsənzadə Bakı – Tiblisi – Ceyhan əsas ixrac boru kəməri haqqında geniş məruzə ilə çıxış etdi.

Tədbirin sonunda universitet Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov “Əsrin müqaviləsi” nin tarixi əhəmiyyətindən danışararaq  tədbirə yekun vurdu.