İNTELLEKTUAL OYUNU “MER KUBOKU-2014”

Gəncə şəhərində ilk dəfə Gənclər və İdman Baş İdarəsi və Gəncə İntellektual Klubun təşkilatçılığı ilə ilk dəfə olaraq “Mer kuboku-2014” adı altında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Əsas məqsəd tələbələrin intellekt səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin genişləndirilməsi, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi və s. olub.

İntellekt yarışında Gəncə şəhərinin ali təhsil məktəblərini əhatə edən 20 komandanın 140 nəfər iştirakçısı mübarizəyə qoşulub. Üç mərhələdə keçən bu yarışda müəyyən vaxt çərçivəsində hər mərhələsində 12 sual olmaqla, ümumilikdə 36 suala cavab tapmaq lazım gəlib.  Qalib komandalara kubok, medal və diplomlar təqdim olunmuşdur.

Sevindirici haldır ki, yarışda iştirak edən Gəncə Dövlət Universitetinin “Eidon” komandası komandalar arasında ən yüksək göstəricilərə sahib olub. Belə ki, Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahovun hazırladığı “Eidon” komandası I yeri əldə edə bilib. “Eidon” sözünün də latınca mənası elə “qələbə” demək imiş.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Gəncə şəhərində ilk dəfə keçirilən və bundan sonar mütəmadi keçirilməsi qərara alınan “Mer kuboku-2014” adı altında “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib gəlmiş komandanın üzvlərini-Royal Hüseynovu (komandanın kapitanı), Fikrət Fərhadlını, İbrahim Salayevi, Royal Məcidlini (İqtisadiyyat fakültəsinin IY kurs tələbələri), Nürəddin Hüseynovu ( Fizika və texniki fənnlər fakültəsinin tələbəsi) və Şövkət Orucovanı ( Xarici dillər fakültəsinin tələbəsi) qəbul edib, Universitetin şərəfini qoruduqları üçün təşəkkürünü bildirmiş və mükafatlandırmışdır.