148 yaşını qeyd edən Milli Mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib

    Azərbaycan Milli Mətbuatının yaranmasından 148 il ötür.  1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür.

    1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görmuş və “Əkinçi”nin nəşri bütün Qafqazda əks-səda yaratmışdır. Lakin “Əkinçi”nin fəaliyyəti uzun olmamışdır. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlamış və sonda qəzetin nəşrini dayandırmışdır.

    XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır.

    Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açmışdır.

   1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu, mətbuatın inkişafına ciddi təkan verdi.

   Ulu Öndərin mətbuata, o cümlədən mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

    Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha bir təzahürüdür.

     22 İyul- Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələrini səmimi-qəldən təbrik edir, işlərində uğurlar arzulayırıq!

 REKTORLUQ