18 İyun- İnsan hüquqları Günüdür

Gəncə Dövlət Universitetində  “18 İyun- İnsan hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq “Azərbaycan Konstitusiyasında insan hüquqları dövlətin ali məqsədidir” mövzu ilə çıxış edib. Prorektor qeyd  edib ki, müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.  Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir.

Tədbirdə universitetin Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Bayram Apoyevin “Azərbaycanda İnsan hüquqları və azadlıqları Şərqdə bir nümunədir”, Ümumi tarix kafedrasının müdiri, dosent Etibar Musayevin “Azərbaycan Respublikasında vətəndaş hüquqlarının qorunmasında nəzarət mexanizmləri”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “İnsan hüquqlarına hörmət Azərbaycan demokratiyasını sübut edən əsas atributlardan biridir”, həmin kafedranın müəllimi, hüquqşünas Nofəl Mustafayevin “Müasir Azərbaycan qanunvericiliyində insan hüquqları” mövzularında məruzələri dinlənilib. Respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və bu sahədə əldə edilmiş nailiyyətlərdən bəhs edilib. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti