“18 İyun- İnsan hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetində  “18 İyun- İnsan hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Prorektor onu da vurğulayıb ki, ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi işi uğurla davam etdirilir.

Gəncə Dövlət Universitetinin Baş hüquqşünası Günay Şirinova “Əmək hüququ insan hüquqlarının sosial-iqtisadi tərkib hissəsi kimi” mövzusunda çıxış edib. Günay Şirinova bildirib ki, ölkəmizdə əmək hüququnun əsasları Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Konstitusiyada hər bir vətəndaşın əmək hüququ, təhlükəsiz əmək şəraitində işləmək hüququ, istirahət hüququ və sosial təminat hüququ təsbit olunmuşdur. Məhz bu istiqamətdə universitet əməkdaşlarının əmək hüquqlarının qorunması təmin edilir.

Fizika kafedrasının müdiri  Yahya Namazov çıxışında  bildirib ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Ümumi texniki fənlər kafedrasının müdiri Elçin Cavadov “İnsan hüquqlarının səmərəli təminat mexanizmi” mövzusunda çıxış edib. Kafedra müdiri diqqətə çatdırıb ki, Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub.

Daha sonra tədbirdə Psixologiya kafedrasının baş müəllimi Sabirə Bayramovanın “İnsan hüquqları – bəşəriyyətin başlıca ideyası”, Fizika kafedrasının dosenti Mətanət Tağıyevanın “İnsan hüquqlarının  prioritet  istiqamətləri”,   Fizika və texniki fənlər fakültəsinin 2-ci kurs tələbəsi Ülviyyə Məmmədlinin “Gənclərin hüquqlarının müdafiəsi dövlətimizin ali məqsədlərindəndir” mövzularında məruzələri dinlənilib.

Çıxışlarda respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və bu sahədə əldə edilmiş nailiyyətlərdən geniş bəhs olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti