20 YANVAR FACİƏSİ TARİXİMİZİN QAN YADDAŞIDIR

Gəncə Dövlət Universitetində  20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” mövzusunda tədbir keçirilmişdir.

Tədbir 20 Yanvar hadisələrindən bəhs edən sərginin nümayişi ilə başlamışdır.

Sonra 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla, dərin ehtiramla yad edilmişdir.

Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Tələbələr tərəfindən tədbir iştirakçılarına “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Tədbirdə çıxış edənlər bildirmişlər ki,  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına dəhşətli faciə yaşatmışdır.

 Bu hadisənin Azərbaycan tarixinin qanlı, eyni zamanda, ən şanlı səhifələrindən biri olduğunu bildirmişlər. Qeyd etmişlər ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin arasında azərbaycanlılarla yanaşı digər xalqların nümayəndələri də olmuşdur. Bu isə bir daha sübut edir ki, Vətənin suverenliyi və bölünməzliyi uğrunda Azərbaycan xalqı həmişə həmrəy olmuş, birlik nümayiş etdirmişdir. 20 Yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir.

Azərbaycan xalqının ən çətin günlərində xalqla bir yerdə olan, ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də öz həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmişdir. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilmişdir.

Tələbələr faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xüsusi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd etmişlər.

Qanlı gecənin dəhşətlərindən danışaraq bildiriblər ki, bu hadisə xalqımızın gözünü qorxutmadı, əksinə, sovet imperiyasına qarşı nifrəti daha da artırdı. Həmin hadisələr Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı əzərək ona mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirilmişdi. Lakin, bütün bu dəhşətlərə baxmayaraq  həmin gecədə həlak olan Vətən oğulları tariximizə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq istəyini əlindən ala bilmədi.

Həmin gecə Azərbaycan xalqı sovet ordusunun qarşısında əliyalın qəhrəmanlıq göstərdi. Buna görə biz böyük qürur hissi keçiririk. Şəhidlər xiyabanında təkcə müsəlmanların yox, eyni zamanda, xristian, yəhudi dinlərinin nümayəndələrinin də uyuduğunu qeyd edən natiqlər bu yerin bütün Azərbaycan üçün müqəddəs olduğunu diqqətə çatdırmışlar.

Sonda çıxış edən tələbələr bir daha şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirdilər. Qeyd etdilər  ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu vandalizm, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ