20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

1990-cı ilin 20 Yanvar hadisələrindən 31 il keçir.

Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Mərasimdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və professor-müəllim heyəti də iştirak ediblər.

Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.  Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

20 Yanvar hadisəsindən on illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilən qanlı terror hadisələri müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini, əzmini qırmaq məqsədi daşıyırdı. Lakin onların məkrli niyyətləri baş tutmadı. Həmin gecə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz ölümləri ilə ölməzliyə qovuşaraq, tariximizin ən parlaq səhifəsini yazdılar.

Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. 1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır.

O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək kəskin  bəyanatla çıxış etmişdir. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Bu gün xatirəsini daim əziz və uca tutduğumuz şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi və siyasi bacarığı nəticəsində, qüdrətli ordumuzun rəşadəti sayəsində, xalqın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ zəfəri ilə şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı.

20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi dərin hüznlə, böyük ehtiramla, qürurla yad edir və uca Allahdan onlara rəhmət diləyirik!