GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “2 FEVRAL GƏNCLƏR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ VİDEOKONFRANS TƏŞKİL OLUNMUŞDUR

Bu gün Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər. Ölkəmizdə gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.

Bu fikirlər Azərbaycan Gəncləri günü münasibətilə Gəncə Dövlət Universitetində  keçirilən “Vətən müharibəsi,böyük zəfər, milli qürur, gənc nəslin vətənpərvərlik salnaməsi” mövzusunda videokonfransda səsləndirilib.

Videokanfransda universitetin rektoru professor Yusif Yusibov bildirmişdir  ki, bu gün respublikamızda həyata keçirilən gənclər siyasəti ölkənin intellektual potensialının inkişafına təkan verən amillərdəndir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Rektor ölkəmizdə “Gənclər günü”nün qeyd edilməsinin gənclərə həmişə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu bildirmişdir. Ulu Öndər Heydər Əliyevin  layiqli davamçısı Prezident İlham Əliyev də daim gənclərə diqqət və qayğı ilə yanaşmış, onların inkişafı üçün hər cür şərait yaratmışdır. Həqiqətən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi bu qayğının bariz nümunəsidir.  Bu qanun Azərbaycan respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

 Rektor Yusif Yusibov qeyd etmişdir ki, erməni faşizminin 30 ildə yaratdığı möhkəm istehkamları cəmi 44 gün ərzində darmadağın edərək işğal altında olan 299 şəhər, qəsəbə və  kəndlərin, həmçinin  Murov zirvəsi, Xudafərin körpüsü, eyni zamanda Bartaz, Sığırt, Şükürataz kimi strateji əhəmiyyətli  onlarla yüksəkliyin azad edilməsi əsl möcüzədir, şanlı ordumuzun, gənclərimizin tarixə yazdığı qəhrəmanlıq nümunəsidir.

Qüdrətli ordumuzun, gənclərimizin rəşadəti bütün dünyanı heyran etmişdir. Heç bir hərbi texnikadan istifadə etmədən möhkəm istehkamlı Qarabağın döyünən ürəyi olan, xalqımızın qeyrəti, qüruru sayılan Şuşanın xüsusi təyinatlılarımız tərəfindən azad ediməsi qəhrəmanlığın özünü heyrətə salmışdır.

44 gün xalqımızın qalibiyyət tarixidir. Ali Baş Komandanımızın başçılığı altında ordumuz, gənclərimiz əsrlərə örnək olacaq bir tarix yazdı. Gələcək nəsillər yeni yazılmış tariximizlə başlarını dik tutacaq, qürurla yaşayacaq, Vətəni, xalqını bütün varlığı ilə sevməyin ən ali müqəddəs hiss olduğunu anlayacaqlar.

Professor Yusif Yusibov vurğulayıb ki, bu il Azərbaycan gəncləri öz bayramlarını həmişəkindən daha alnıaçıq, qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Xalqımız uzun illərdir gözlədiyi arzusuna qovuşub. Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad edib. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırıblar.

Gəncə Dövlət Universitetinin müharibədə iştirak etmiş qaziləri, çoxsaylı kollektivi də daim cənab Prezidententimizin, şanlı ordumuzun yanında olaraq, mənəvi və maddi dayaqda öz sədaqətini göstərdi. Tələbələrimizdən bir neçəsi döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Onların xatirəsi daim kollektivimizin qəlbində yaşayacaq, adları məğrurcasına yad ediləcəkdir.

Universitetin rektoru professor Yusif Yusibov həmişə olduğu kimi bu dəfə də gənclərə diqqət və qayğısını göstərərək videokonfransda Vətən müharibəsində iştirak etmiş Tural Zeynalovu iş otağına dəvət edərək, öz əyləşdiyi stulu çıxış etmək üçün ona təqdim etmişdir. Vətən müharibəsi qəhrəmanlarından biri universitetin Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi olan Tural Zeynalov bir Azərbaycanlı gənci kimi bu gün həm sevincli, həm də kədərli olduğunu qeyd etmişdir. Sevincinin səbəbi Azərbaycan torpaqlarının bütövləşməsi və bu işdə onun da rolunun olmasıdır. Kədəri isə döyüş yoldaşlarının şəhid olmasıdı. O, bir azərbaycanlı gənci olaraq özünün də canını, qanını  Azərbaycan və xalqı üçün hər zaman verməyə hazır olduğunu qeyd etmişdir.

Çıxış edən Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Mehdi Rəhimov, Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova və dosenti Cavid Bağırzadə qeyd etmişlər ki, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Bu 44 gündə bütün ölkə vətəndaşları bölgəsindən asılı olmayaraq qarabağlı idi. Xain düşmənin bombaladığı Tərtərin, Gəncənin, Bərdənin dinc sakinləri “canımız, ev-eşiyimiz əsgərlərimizə qurbandır, təki yurdumuzu mənfur düşməndən azad etsinlər” deyirdilər. Gənclərimiz necə qeyrət, şücaət göstərirdisə, arxada bütün xalqımız da elə səbr, təmkinlə qələbəyə inam nümayiş etdirirdi. Çünki xalq onun etimadını doğruldan Prezidentinə tamamilə inanırdı, güvənirdi. Tarixi qələbəmiz bu baxımdan mənəvi dünyamızı da çox zənginləşdirdi. Xalqın dövlətə və dövlətçiliyə bağlılıq telləri daha da möhkəmləndi. Vətən müharibəsində qələbələrimiz gənclərimizdə təlim-tərbiyə işimizin on illərlə yetişdirə biləcəyi müsbət mənəvi keyfiyyətləri 44 gündə elə gücləndirdi, ona elə bir yeni məzmun verdi ki, bunu ancaq dərin fəlsəfi təhlil ilə xırdalamaq olar.

Videokonfransda çıxış edənlər sonda bir daha əminliklə qeyd etdilər ki, gənclərimiz 44 gündə nümayiş etdirdikləri həmrəylik və möhkəm birliyi Prezidentimiz, Ali Baş Komandamız İlham Əliyevin yanında olaraq vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində əllərindən gələni edəcəklər.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ