26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

Gəncə Dövlət Universitetində rektorluğun və Azad Həmkarlar İttifaqı Komitəsinin 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi qaziləri ilə görüşü keçirilib.

     Öncə  universitetdə şəhidlərə həsr edilmiş xatirə guşəsi önünə gül dəstəsi qoyulub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Görüşdə  Komitənin sədri Afaq Qasımova Silahlı Qüvvələr Günü münasibətilə universitet rəhbərliyi və öz adından Qarabağ müharibəsi qazilərinin timsalında bütün Azərbaycan xalqını  təbrik edib.

    Komitə sədri çıxışında Ordumuzun keçdiyi inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğunda əvəzsiz xidmətlərindən, ölkəmizdə ordu quruculuğu sahəsində əldə edilən böyük uğurlardan, Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğulların düşmən üzərində qazandığı Qələbədən və hərbçilərimizin əzmkarlığından danışıb.

    Görüşdə rektorun baş müşaviri Asif Cavadov Silahlı Qüvvələrin potensialının və gücünün artırılması istiqamətində görülən tədbirlərin uğurlu nəticələrindən söhbət açıb.

     Qazilər dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti