GDU-da Elmi Şuranın iclası keçirilib

       Gəncə Dövlət Universitetində 2022/2023-cü tədris ilində Elmi Şuranın son iclası keçirilib.

      İclası giriş sözü ilə universitetin rektoru Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

    Elmi şurada birinci məsələ-2022/2023-cü tədris ilinin yaz imtahan sessiyasının gedişi haqqında universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun məruzəsi dinlənilib. Qeyd edilib ki, imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi ilə bağlı müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. İmtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılıb.  Həmçinin imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” təşkil edilib.   KİV nümayəndələrinin, tələbə valideynlərinin və şəhər ziyalılarının iştirakı ilə imtahanlara ictimai baxış keçirilib.

     Gündəlikdə duran növbəti məsələ- Akkreditasiya Komissiyasının tövsiyyələri ilə əlaqədar hazırlamış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatına dair universitetin İnnovasiyalar Departamentinin sədri Vasif Həsənovun çıxışı dinlənilib.

    Şura üzvlərinin müzakirələrindən sonra məruzələr qənaətbəxş hesab edilib.

     Rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə dair vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.

    İclasda Ofelya Müslümovanın Alman dili  kafedrasında, Nərgiz Rəsulovanın Ümumi tarix  kafedrasında, Nəsibə Hacıyevanın Coğrafiya  kafedrasında,  Şəlalə Binnətovanın Təhsilin pedaqogikası və metodikası  kafedrasında vakant olan dosent vəzifəsini tutmaları və Tovuz Eminlinin “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə dosenti elmi adını almağa dair AAK qarşısında vəsatət qaldırılması məsələsi gizli səsvermə yolu ilə qəbul edilib.

   Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti