28 may 1918-ci il: Milli kimliyimizin siyasi təsdiq günü

Tarix – coğrafiya fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhiriyyətinin yaradılması və onun tarixi əhəmiyyəti” mövzusunda genişləndirilmiş auditoriya üçün seminar təşkil edilib.

Seminarda rektorun baş müşaviri dosent Asif Cavadov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Emma Aslanova, ixtisasçı alim və müəllimlər, tələbələr, eləcə də ümumtəhsil məktəblərinin pedaqoqları iştirak ediblər.

Açıq dərsi açan rektorun baş müşaviri dosent Asif Cavadov bildirib ki, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən ölkə daxilində və xaricdə silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Sonra Azərbaycan tarixi kafedrasının dosenti Eldar Mehdiyev “Azərbaycan Xalq Cumhiriyyətinin yaradılması və onun tarixi əhəmiyyəti” mövzusunu dinləyicilərə təqdim edib. Məruzəçi XIX əsr və XX əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin bərpası uğrunda mübarizə, AXC-nin yaranması ərəfəsində ictimaisiyasi vəziyyət, 1918-ci il – Mart soyqrımı, İstiqlal bəyannaməsi və Azərbaycan Demokratik Respublikasının tarixi əhəmiyyəti haqqında dinləyicilərə məlumat verib.

Qeyd edilib ki, 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və türk-müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olub. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb