9 Saylı orta məktəbdə sınaq dərsi
Bir aya yaxındır ki, riyaziyyat-informatika fakültəsinin informatika müəllimliyi ixtisasının IY kurs tələbələri pedaqoji təcrübə keçirlər. 28 noyabr 2014-cü il tarixdə tələbə Əliyeva Arzu Əlif qızının 9 saylı tam orta məktəbin 8-ci sinfində informatika fənnindən “Ədədlərin bir say sistemindən digər say sisteminə keçirilməsi” mövzusunda sınaq dərsi dinlənildi. Açıq dərsdə Universitetin rektoru Yusif Yusibov, tədris işləri üzrə I prorektor Fəxrəddin Məmmədov, elm və texnika üzrə prorektor Pərvin Kərimzadə, tərbiyə işləri üzrə prorektor Asif Cavadov, İnformatika kafedrasının müdiri Əkrəm Aslanov, Riyaziyyat-informatika fakültəsinin tədris işləri üzrə dekan müavini dosent Rauf Məmmədov, İnformatika kafedrasının dosenti metodist müəllim Gülmira Verdiyeva, təcrübə və işlə təminata kömək şöbəsinin müdiri Mahir Məmmədov, şöbənin pedaqoji təcrübənin rəhbəri Cabbar Qarayev, tələbə həmkarlar təşkilatının sədri Pərviz Adıgözəlov və məktəbin direktoru iştirak etmişdir.
Müasir texnologiyadan istifadə edərək dərs keçən tələbə Arzu Əliyeva bəzi xırda qüsurlara baxmayaraq açıq dərsini uğurla başa vurub iştirakçıların maraqla dinləmələrinə nail oldu.
Sonda rektor tələbələr üçün yaratdığı şəraitə görə məktəb direktoruna, sınaq dərsinə məsuliyyətlə hazırlaşdığı üçün tələbə Arzu Əliyevaya təşəkkürünü bildirib bu layihənin belə bir şəkildə, yəni çoxsaylı iştirakçılarla davam etdiriləcəyini diqqətə çatdırdı.
Sınaq dərsi İctimai TV və Kəpəz TV tərəfindən lentə alındı.