Təhsil Tələbə Krediti Fondunun universitet üzrə məsul şəxsləri və könüllü tələbələri ilə görüş keçirilib
Təhsil Tələbə Krediti Fondunun Gəncə Dövlət Universiteti üzrə məsul şəxsləri və könüllü tələbələri ilə görüş keçirilib.
Görüşdə Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov Təhsil Tələbə Krediti Fondunun fəaliyyətindən ətraflı danışıb. Qeyd edib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Fondun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək və bu sahədə gənclərə bərabər imkanlar yaratmaqdır.
Prorektor Şahin Xurşudov onu da bildirib ki, hazırda Fondun yaratdığı imkanlardan istifadə etməklə universitetdə kreditdən yararlanaraq gənclərin ali təhsil almaq imkanları genişlənməkdədir.
Görüşdə Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən tələbələr arasında Universitet üzrə koordinator Sevinc Quliyeva tərəfindən mütəmadi maarifləndirmə işlərinin aparıldığı da diqqətə çatdırılıb.
Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov Universitet üzrə Təhsil Tələbə Krediti Fondunun fəaliyyətində əməyi keçən fakültələr üzrə məsul şəxslərə və könüllü tələbələrə rektor Yusif Yusibov adından təşəkkür edib, Fond tərəfindən təltif edilmiş Sertifikat və Təşəkkürnamələri təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti