Gəncə Dövlət Universitetində mediatur təşkil edilib
Gəncə Dövlət Universitetində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib.
Mediaturda “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Rzayeva, digər KİV nümayəndələri və tələbə valideynləri iştirak ediblər.
Əvvəlcə universitetin Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov və Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva mediatur iştirakçılarına imtahan prosesinin təşkili və keçirilməsi qaydası ilə bağlı məlumat veriblər. Qeyd edilib ki, mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə həyata keçirilib, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılıb.
Mediatur iştirakçıları imtahanların gedişini kamera vasitəsi ilə izləmək üçün yaradılan nəzarət otağında olublar.
Daha sonra universitetin prorektorları və medaiturda iştirak edən nümayəndələr auditoriyalarda imtahan prosesini yaxından izləyiblər.
Sonda mediatur iştirakçıları və media nümayəndələri imtahanın gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər görülən işləri yüksək qiymətləndirərək universitetdə lazımi şəraitin yaradıldığını qeyd ediblər.
Bildirək ki, hazırda imtahanlar kompüter vasitəsilə test üsulu ilə aparılır. İyun ayının 23-dən etibarən isə tələbələr şifahi formada imtahan verəcəklər.
01 iyun tarixində başlayan imtahan sessiyası 05 iyul tarixində yekunlaşacaq.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti