GDU-nun bir qrup müəlliminə beynəlxalq sertifikatlar verilib
TCS Şirkətinin “Universitetlərdə müəllim və tələbələrin beynəlxalq standartlarla tanışlığı” layihəsi çərçivəsində cari ilin aprel-may aylarında Gəncə Dövlət Universitetinin ÜTF və texnologiya kafedrasının müdiri, dosent Elçin Cavadovun təşəbbüsü ilə kafedranın müəllim heyətinə “Təlimçinin Təlimi” və “Beynəlxalq SƏTƏMM” adlı təlimlər keçirilib. Təlimin əsas məqsədi ixtisaslı müəllimlərin beynəlxalq standart və qaydalarla tanışlığı, tətbiqi və inkişafı olub.
TCS MMC-nin təcrübəli təlimçiləri tərəfindən təlimlər əsasında kafedranın müəllimlərinin bilikləri yoxlanılıb. Təlimləri uğurla bitirən univeristet əməkdaşları “Təlimçinin Təlimi”, “İOSH” və “SƏTƏMM üzrə Beynəlxalq Təlim” sertifikatlarına layiq görülüb.
12 oktyabr 2024-cü il tarixdə təlimdə fəal iştirak edən ÜTF və texnologiya kafedrasının bir qrup müəlliminə beynəlxalq sertifikatlar təqdim olunub.
Sertifikatların təqdimat mərasimində Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, kafedranın müdiri, dosent Elçin Cavadov iştirak ediblər.
Qeyd edək ki, SƏTƏMM – Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi fənni Gəncə Dövlət Universitetində ÜTF və texnologiya kafedrasının müəllimləri tərəfindən tədris olunur və fənnə aid dərs vəsaiti də həmin kafedrada hazırlanmış və nəşr olunmuşdur. Onu da diqqətinizə çatdıraq ki, TCS şirkəti 2007-ci ildən bəri istər daxili, istərsə də xarici bazarda dövlət qurumları və özəl şirkətlər üçün peşəkar xidmətlər göstərməyi, eləcə də ekspert rəyi verməyi hədəf götürmüş beynəlxalq təşkilatdır. TCS işçilərin və avadanlıqların sertifikatlaşdırılmış olmasına xüsusi önəm verilən bir çox sənaye sahələrində Beynəlxalq Akkreditasiyaların tələblərinə uyğun Təlim, Tədris və Mühəndis Xidmətləri ilə məşğul olur.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti