Gəncə Dövlət Universitetində “Füzuli-530” adlı tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Füzuli-530” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutmasından danışıb. Prorektor bildirib ki, onun əsərləri yarandığı ilk vaxtlardan müəllifinə böyük şöhrət qazandırmışdır.
Tədbirdə AMEA-nın Rəyasət Heyəti Aparatının şöbə müdiri, AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Aynur Mahmud “Füzulinin kamil aşiqi Məcnun” adlı məruzəsində vurğulayıb ki, Məhəmməd Füzulinin iri həcmli əsərləri ilə yanaşı qəzəlləri də söz sənətimizin ölməz abidələridir.
Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova “XIX əsr Azərbaycan poeziyasında Füzuli ənənələri”, həmin kafedranın əməkdaşları – Afaq Yusifli “Füzuli irsi və çağdaş poeziya”, Yeganə Hüseynova “Füzuli yaradıcılığına Bəxtiyar Vahabzadə gözü ilə”, Vüsal İsgəndərov “Sabir Əliyevin elmi-nəzəri görüşləri” adlı məruzə ilə çıxış ediblər.
Tədbirdə tələbələrin ifasında Məhəmməd Füzulinin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti