Gəncə Dövlət Universitetində “Narkomaniya – fiziki və mənəvi ölüm“ adlı tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində “Narkomaniya – fiziki və mənəvi ölüm“ adlı tədbir keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “Narkomaniya-dövrün faciəsi” adlı məruzə ilə çıxışında Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” haqqında söhbət açıb. Prorektor narkotiklərin insan orqanizminə, sağlamlığa vurduğu zərərlərdən danışıb. Ümumilikdə cəmiyyətdə törətdiyi sosial bəlalardan, gənclərin zərərli vərdişlərdən qorunması, vətənpərvər ruhda böyüməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar haqqında da məlumat verib.
Tədbirdə Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov “Narkomaniya-dövrün faciəsi”, Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova “Narkotik vasitələrin fiziki və mənəvi zərərləri”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələri – Ömər İsmayılov “ Azərbaycanda narkotiklə mübarizə”, Amin Həsənov “Narkomaniya – bəşəriyyətin ən qorxulu və təhlükəli bəlası””, Aytac Axundova “Qadınlar narkomaniya tələsinə niyə düşürlər?” mövzularında çıxış ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti