Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı ayı münasibətilə “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə müsabiqə

                 Azərbaycan Respublikası Mərkəzi Bankı 2 oktyabr-30 noyabr tarixlərində tələbələr arasında “Rəqəmsal ödənișlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə müsabiqə elan etmişdir.

                Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı ayına həsr olunmuş bu müsabiqənin məqsədi rəqəmsal ödənişlər istiqamətində məlumatlılığın artırılması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi, o cümlədən Mərkəzi Bankın Virtual Təhsil Platformasının əhali arasında təşviq edilməsidir.

Gəncə Dövlət Universiteti tərəfindən müsabiqəyə  koordinator İnformasiya resurslarının formalaşması şöbəsinin müdiri Aynur Qasımova təyin edilmişdir.

 Gəncə Dövlət Universitetinin tələbələri müsabiqəyə böyük maraq göstərmiş, 62 tələbə müsabiqə kursunu tamamlayaraq yekun imtahan üçün müraciət etmişdir.

İmtahan 23 noyabr 2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasında universitetin əməkdaşları və Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin iştirakı ilə təşkil edilmişdir.

Ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə keçirilən müsabiqə üzrə imtahanlar davam etməkdədir. Yekunda nəticələri  70 % və daha yüksək olan tələbələrə sertifikat, ən yüksək nəticə göstərən 15 tələbəyə isə planşetlər təqdim ediləcəkdir. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti