GDU-da Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.
İclas öz işinə başlamazdan öncə universitetdə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə və gənc nəslin yetişdirilməsində yüksək göstəricilərə görə Ümumi riyaziyyat kafedrasının sabiq dosenti Üzeyir Əfəndiyevə, Kimya kafedrasının sabiq dosenti Elxan Cəfərova, eləcə də uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyəti və anadan olmasının 65 illik yubileyi münasibəti ilə Menecment və turizm işi kafedrasının dosenti Mayis Gülalıyevə Fəxri Fərman təqdim edilib.
İclasda rektor Yusif Yusibov Gəncə Dövlət Universitetinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Elnarə Abdullayevanın Dil nəzəriyyəsi ixtisası üzrə, həmin kafedranın əməkdaşı Samirə Qasımovanın “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisası üzrə dosent elmi adı, Coğrafiya kafedrasının əməkdaşı Firəngiz Bağırovanın “İqtisadi coğrafiya” ixtisası üzrə fəlsəfə doktoru, Menecment və turizm işi kafedrasının əməkdaşı Məhərrəm Babayevin “Ümumi iqtisadiyyat” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, onlara Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş diplomu təqdim edərək elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra rektor Yusif Yusibov iclası giriş sözü ilə açaraq Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
2025/2026-cı tədris ilində İnnovasiyalar Departamentinin qarşıya qoyulan hədəfləri haqqında departamentin direktoru Vasif Həsənovun, Beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər haqqında Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədovun ətraflı məruzələri dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Elmi Şurada Mehriban Həsənovanın İnformatika və cəbr kafedrasında vakant olan professor, Lamiə Hacımuradovanın Ümumi pedaqogika kafedrasında vakant olan dosent, Güləbatın Hümbətovnın Anatomiya, fiziologiya və zoologiya kafedrasında vakant olan dosent, Günel Hüseynovanın Sosial fənlər kafedrasında vakant olan dosent vəzifəsini tutmaları, eləcə də Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşı Yeganə Hüseynovanın “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.
İclasda universitetin rektoru Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə, əmək intizamının möhkəmləndirilməsinə və tələbələrə diqqətin daha da artırılmasına dair vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





