Xocalı Soyqırımının sosial-psixoloji aspektləri
Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər və Pedaqoji fakültələrinin birgə təşkilatçılığı ilə “Xocalı Soyqırımının sosial-psixoloji aspektləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardından Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qeyd edib ki, erməni işğalçıları tərəfindən törədilən Xocalı soyqırımı bəşəriyyət tarixində qara ləkədir. Törədilən faciə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş qanlı cinayətdir. Xocalı soyqırımı insanlıq tarixində və insanlığa qarşı işlənmiş ən qəddar, amansız cinayətlərdən biridir.
Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev , Pedaqoji fakültənin dekan müavini İlqar Haqverdiyev, Psixologiya kafedrasının müdiri Zümrüd Tağıyeva Xocalı faciəsinin dəhşətlərindən danışıblar.
Sonda hər iki fakültənin tələbələri Xocalı faciəsinə həsr edilmiş bədii kompozisiya nümayiş etdiriblər.








