Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur
Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı verdiyi bəyanat və iki ölkə arasında əldə olunan razılaşmalar Azərbaycan-Kamboca münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur. Azərbaycanın xarici siyasətində Asiya, xüsusilə də Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi mühüm yer tutur.
Iki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə 3,25 milyon dollar, 2023-cü ilin yanvar-sentyabr aylarında isə 3,93 milyon dollar təşkil edib. Bu göstəricilər iqtisadi münasibətlərin genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu göstərir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, tərəflər arasında ticarət əlaqələrinin canlandırılması üçün imkanlar mövcuddur, lakin qarşılıqlı məlumat çatışmazlığının aradan qaldırılması və biznes dairələri arasında birbaşa təmasların artırılması vacibdir.
Hun Manetin Azərbaycana səfəri çərçivəsində keçirilən biznes forumu və yaradılması razılaşdırılan birgə işçi qrupu bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycanın və Kambocanın sahibkarlarının bir araya gəlməsi qarşılıqlı maraqların müəyyənləşdirilməsinə, investisiya imkanlarının araşdırılmasına və yeni layihələrin formalaşdırılmasına kömək edə bilər. Sənaye, turizm, nəqliyyat, təhsil və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi iqtisadi əlaqələrin şaxələndirilməsi üçün əlverişli zəmin yaradır.
Səfər zamanı Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi də iqtisadi və institusional əməkdaşlığın inkişafına yönələn mühüm addımdır. İkiqat vergitutmanın aradan qaldırılması haqqında saziş biznes subyektlərinin fəaliyyətini asanlaşdırmaq, vergidən yayınmanın qarşısını almaq və qarşılıqlı investisiyalar üçün daha əlverişli şərait yaratmaq baxımından əhəmiyyətlidir. Ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi isə iqtisadi əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün hüquqi zəmin formalaşdırır. Bu sənədlərin real nəticələr verməsi üçün qarşılıqlı ticarətin təşviqi, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi və birgə istehsal imkanlarının araşdırılması vacibdir. Coğrafi məsafə müəyyən çətinliklər yaratsa da, müasir nəqliyyat və rəqəmsal texnologiyalar bu maneələrin təsirini azalda bilər. Əsas məsələ əldə olunan razılaşmaların konkret iqtisadi layihələrə çevrilməsidir.
İkitərəfli münasibətlərin digər mühüm istiqaməti humanitar və təhsil əməkdaşlığıdır. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması iki ölkə arasında mövcud olan tarixi əlaqələri göstərir. ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mübadiləsi bu sahədə yeni imkanlar yaradır. Təhsil mübadiləsinin genişləndirilməsi, tələbə və mütəxəssislər arasında əlaqələrin qurulması qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edə bilər. Eyni zamanda, Azərbaycanın ASAN xidmət modelinin Kambocada maraq doğurması ölkəmizin dövlət idarəçiliyi sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə paylaşılması baxımından əhəmiyyətlidir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

