YAP dünənin, bu günün və sabahın partiyasıdır!
YAP Gəncə şəhər Təşkilatı və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının VIII Qurultayına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın sosial-siyasi həyatında aparıcı rola malik olan ən böyük siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini uca tutub, buna görə də xalqın rəğbətini qazanaraq ümumxalq partiyasına çevrilib. YAP dünənin, bu günün və sabahın partiyası kimi davamlı nailiyyətlərə imza atmaqdadır. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində xalqın etimadını doğruldaraq ölkənin siyasi, iqtisadi və ictimai inkişafında mühüm rol oynayıb. Rektor bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Həmin dövrdə dövlət idarəçiliyində sabitliyin təmin edilməsi, ölkədə parçalanma və qarşıdurma meyillərinin qarşısının alınması, iqtisadi tənəzzülün aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının həyata keçirdiyi ardıcıl siyasətin əsas strateji istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası olmuşdur. Bu məqsədə nail olmaq üçün uzun illər ərzində hərbi qüdrətin artırılması, iqtisadi potensialın gücləndirilməsi, diplomatik fəaliyyətin genişləndirilməsi və dövlət institutlarının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması yolunda mühüm tarixi mərhələlər təşkil etmişdir. 2020-ci ildə qazanılmış tarixi Zəfər nəticəsində torpaqlarımızın işğalına son qoyulması istiqamətində həlledici nəticələr əldə edilmiş, 2023-cü ildə isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olunmuşdur.
Rektor onu da bildirib ki, Yeni Azərbaycan Partiyasının 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm mərhələnin başlanğıcını ifadə edən tarixi hadisə kimi yadda qaldı. VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi, regionda yeni siyasi reallıqların formalaşdığı bir dövrə təsadüf etmişdir. Bu müqayisə son beş il ərzində ölkəmizin keçdiyi tarixi yolun miqyasını, dövlətimizin artan gücünü və həyata keçirilən siyasətin strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən qurultay yalnız partiyanın ötən dövr ərzindəki fəaliyyətinə nəzər salınması ilə məhdudlaşmadı. Bu ali toplantı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin siyasi baxımdan dəyərləndirilməsi, qarşıda duran məqsədlərin müəyyənləşdirilməsi və yeni dövrün çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin ortaya qoyulması baxımından xüsusi əhəmiyyət daşıdı.
YAP Gəncə şəhər Təşkilatının sədri, YAP İradə Heyətinin üzvü Bayram Aslanov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyəti yalnız ötən dövrün nailiyyətlərinin qiymətləndirilməsi ilə məhdudlaşmır. Qurultay, eyni zamanda, Azərbaycanın qarşısında açılan yeni inkişaf mərhələsinin siyasi və ideoloji prioritetlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının fəaliyyətində cəmiyyətlə əlaqələrin gücləndirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması və milli maraqlar ətrafında ictimai həmrəyliyin möhkəmləndirilməsi mühüm yer tutur. Müasir çağırışlara uyğun fəaliyyət göstərmək, vətəndaşlarla açıq dialoqu inkişaf etdirmək və cəmiyyətin müxtəlif təbəqələrinin təşəbbüslərinə dəstək vermək partiyanın qarşısında duran əsas vəzifələrdəndir. Bayram Aslanov onu da bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha göstərir ki, partiyanın missiyası əldə edilmiş nailiyyətlərin qorunması ilə yanaşı, ölkəmizin gələcək inkişafına xidmət edən yeni təşəbbüslərin dəstəklənməsini və strateji hədəflərin reallaşdırılmasını da əhatə edir. Azərbaycan bu gün ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etmiş qalib dövlət kimi qarşısında yeni hədəflər müəyyənləşdirir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin bu strateji məqsədlərə doğru inamla irəliləməsinə istiqamətlənmişdir.
Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O, həmçinin xalq–YAP birliyinin əhəmiyyətini vurğulayaraq, bu birliyin Azərbaycanın dövlətçilik ənənələrinin qorunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində və ölkənin davamlı inkişafında mühüm rol oynadığını qeyd edib.
Daha sonra tanınmış idmançı Ramil Qasımov çıxış edərək dövlətin idmana göstərdiyi dəstəkdən, idmançıların inkişafı üçün yaradılan şəraitdən və əldə olunan nailiyyətlərin əhəmiyyətindən bəhs edib.







