“Tələbənin səsi – keyfiyyətin güzgüsüdür” adlı görüş keçirilib
08 aprel 2026-cı il tarixdə Gəncə Dövlət Universiteti Keyfiyyətin Təminatı Mərkəzi tərəfindən “Tələbənin səsi – keyfiyyətin güzgüsüdür” adlı görüş keçirilib. Görüşdə mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı, GDU tələbə təşkilatlarının fakültələr üzrə sədrləri və tələbə nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi universitetdə keyfiyyət təminatı sistemində tələbələrin iştirakçılıq səviyyəsini gücləndirmək, onların rəy və təkliflərini dinləmək, həmçinin təhsil mühitinin təkmilləşdirilməsi istiqamətində effektiv və davamlı əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək olub.
GDU Keyfiyyətin Təminatı Mərkəzinin müdiri, dosent İsmayıl İsmayılov giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və gözləntiləri barədə danışıb, universitetdə tətbiq olunan keyfiyyət təminatı mexanizmləri barədə ümumi məlumat verib. İ.İsmayılov çıxışında tələbə iştirakçılığının keyfiyyət təminatı sistemində strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
Tədbirin davamında universitet üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova və digər tələbə təşkilatlarının nümayəndələri rəhbərlik etdikləri qurumların fəaliyyəti, qarşılaşdıqları problemlər və mövcud çağırışlar barədə ətraflı məlumat veriblər, həmçinin keyfiyyətin artırılması istiqamətində ilkin təkliflər təqdim ediblər.
Müzakirə mərhələsində tədris və qiymətləndirmə prosesi, universitet infrastrukturu, yeməkxana və yataqxana şəraiti, akademik etik davranış və şəffaflıq prinsipləri, tələbə məmnuniyyəti və geribildirim mexanizmləri kimi aktual məsələlər ətrafında geniş və məhsuldar fikir mübadiləsi aparılıb. Bu müzakirələr tələbələrin təhsil prosesinə dair baxışlarının daha sistemli şəkildə üzə çıxarılmasına imkan yaradıb.
Görüş çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri də müəyyənləşdirilib. Xüsusilə birgə tədbirlərin təşkili, maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, monitorinq və sorğularda tələbələrin fəal iştirakının təmin olunması kimi məsələlər ön plana çıxarılıb, bu kontekstdə “Keyfiyyət Təminatı üzrə Tələbə Elçiləri” təşəbbüsünün həyata keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.
Tədbirin sonunda səsləndirilən təkliflərin sistemləşdirilərək sənədləşdirilməsi və növbəti fəaliyyət planının hazırlanması ilə bağlı razılıq əldə edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti












