GDU-nun tələbələri “İnklüziv təhsil və sosial bərabərlik” mövzusunda maarifləndirilib
Gəncə Dövlət Universitetinin Əlilliyi olan tələbələr üçün Mərkəzdə “Autizm aylığı” çərçivəsində universitetin bir qrup tələbələri üçün “İnklüziv təhsil və sosial bərabərlik” mövzusunda tədbir təşkil olunub.
Tədbir mərkəzin direktoru Turanə Qurbanovanın moderatorluğu ilə keçirilib. Tədbirdə mərkəzin mütəxəssisi, Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, inklüziv təhsil üzrə təlimçi-mentor Lamiə Hacımuradova və həmin kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Göyçək Pirverdiyeva çıxış ediblər. Məruzəçilər inklüziv təhsilin mahiyyəti, sosial bərabərlik prinsipləri və müasir təhsil mühitində hər bir fərdin bərabər imkanlara malik olmasının əhəmiyyəti tələbələrin diqqətinə çatdırıb. Çıxışlarda inklüziv cəmiyyətin formalaşdırılmasında onların rolu, həmyaşıd münasibətlərində qarşılıqlı hörmət və dəstəyin vacibliyi barədə ətraflı məlumat verilib. Eyni zamanda, damğalanma və stereotiplərin yaratdığı sosial maneələrdən bəhs olunaraq, bu halların aradan qaldırılması istiqamətində maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Tədbir interaktiv müzakirələr şəklində davam edib, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti



