Gəncə Dövlət Universitetinin əməkdaşları Daşkəsəndə görüş keçiriblər
Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti Daşkəsən rayon Təhsil sektorunda orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.
Daşkəsən rayon təhsil sektorunun əməkdaşı Elvin Abdullayev çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri ətraflı məlumatlandırmaqdır.
Görüşdə Universitetin işçi qrupunun üzvləri – dos. C.Qarayev, dos. A.Quliyev, dos.C.Bağırzadə, dos. E.Atakişiyev və Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin əməkdaşı müəllim K.Əhmədov çıxışlarında çıxış edərək universitetin fəaliyyəti, ali təhsil ocağında tədris olunan ixtisaslar barədə geniş məlumat veriblər.
Daşkəsən Rayon Həmkarlar təşkilatının sədri Rabil İbrahimov, orta məktəbin direktoru Asif Məmmədov və universitetin məzunları çıxışlarında görüşün təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə universitetin beynəlxalq elmi əlaqələri, eləcə də Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar və bu istiqamətdə tələbələrə yaradılan imkanlardan bəhs olunub.
Görüşün sonunda şagirdlərə universitetin fəaliyyətinə dair məlumat kitabçası, diyircəkli qələm və dəftərçə təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti









