GDU-da “Oxu, Araşdır, Kəşf Et” adlı kitab sərgisi keçirilib

Gəncə Dövlət Universitetinin Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Oxu, Araşdır, Kəşf Et” adlı kitab sərgisi keçirilib. Kitab sərgisində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Sərgi ilə tanışlıq zamanı rektor Yusif Yusibova məlumat verilib ki, əsas məqsəd tələbə və əməkdaşlar arasında mütaliəyə marağın artırılması, universitetin elektron kitabxanasının tanıdılması və kitab mübadiləsinin təşviq edilməsidir.Tədbirdə GDU-nun elektron kitabxanasından istifadə qaydaları haqqında videoçarx nümayiş etdirilib. Eyni zamanda elmi nəşrlər, monoqrafiyalar və bədii ədəbiyyatlar oxuculara təqdim olunub.

Tədbirin maraqlı hissələrindən biri də “Kitab Paylaş, Bilik Qazandır” adlı kitab ianə qutusunun təşkil edilməsi olub. Bu təşəbbüs vasitəsilə tələbə və müəllimlər xeyli sayda kitablar hədiyyə ediblər.

“Oxu, Araşdır, Kəşf Et” adlı tədbir universitetdə oxu mədəniyyətinin inkişafına, informasiya resurslarından istifadənin genişlənməsinə və kitabxana xidmətlərinin daha yaxından tanıdılmasına xidmət edib. Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi də müxtəlif kitablarla sərgiyə qoşulub.

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin bütün tədris korpuslarında kitab sərgisinin təşkil edilməsi nəzərdə tutulur.