“4Sİ Akademiyası – Milli Proqram”  layihəsində GDU Əməkdaşlarının Əsas Statistik Göstəriciləri

“4Sİ Akademiyası – Milli Proqram” ı çərçivəsində 1 aprel 2025-ci ildən 31 mart 2026-cı il tarixə qədər layihəyə Gəncə Dövlət Universitetindən 185 əməkdaş qoşulub. Qeydiyyatdan keçənlərin 79%-i qadın, 21%-i kişi olaraq qeyd olunub. Ümumilikdə, 946 nəfər kursa qoşulub və 381 nəfər kursu uğurla tamamlayıb. Tamamlanmış kurslar əsasən proqramlaşdırma və data elmi, təhsil, şəxsi inkişaf və biznes sahələrini əhatə edir. Bu müddət ərzində ümumi öyrənmə saatı 1294 saat olmaqla, adambaşına düşən öyrənmə saatı 7.0 saat olub.

Qeyd edək ki, “4Sİ Akademiyası – Milli Proqram” layihəsi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Təhsilin İnkişafı Fondu və qlobal onlayn təhsil platforması olan “Coursera” şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə Azərbaycan Respublikasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in üçüncü prioriteti olan “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” üzrə fəaliyyətləri, eləcə də “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” sənədinin 8.2-ci məqsədi olan “İşəgötürənlərin tələblərinə uyğun rəqəmsal bacarıqların təkmilləşdirilməsi proqramlarının həyata keçirilməsi” çərçivəsində icra edilir.

Proqram 4SİM-in “4Sİ Akademiyası” layihəsi çərçivəsində icra olunaraq 2025-ci ilin 1 aprel tarixində başlayıb və 2026-cı ilin 31 mart tarixində başa çatıb. Platformanın təqdim etdiyi 18 000-dən çox kursa süni intellekt, böyük verilənlər, data elmi və data analitika, kibertəhlükəsizlik, layihələrin idarə olunması, biznes, maliyyə, yumşaq bacarıqlar, dil bacarıqları və digər kurslar aiddir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti