WUF13 Azərbaycanın qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəliyində artan rolunu göstərir

2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkənin şəhərsalma siyasəti, tarixi-mədəni irsin qorunması, postmünaqişə dövründə həyata keçirilən quruculuq işləri və müasir urbanizasiya istiqamətində görülən tədbirlər barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, Forumda 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Prezident İlham Əliyev bunu Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biri kimi qiymətləndirərək bildirib ki, bu forum COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Dövlət başçısı forumun nəticələrinin də COP29 kimi uğurlu olacağına əminliyini ifadə edib. Vurğulanıb ki, Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu məkan olub və bu xüsusiyyət ölkənin memarlığında da öz əksini tapır. Bakıda qədim İçərişəhər ilə müasir şəhərsalma nümunələri harmonik şəkildə birləşir. Vaxtilə üç kilometr uzunluğunda olan Bakı Bulvarı bu gün 15 kilometri ötən müasir dənizkənarı məkana çevrilib. Azərbaycanda tarixi irsin qorunması ilə müasir şəhərsalma siyasəti arasında balansın yaradılması əsas prioritetlərdəndir.

Çıxış zamanı Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyini xatırladaraq vurğulayıb ki, şəhərsalma məsələləri yalnız paytaxt Bakı üçün deyil, bütün regionlar üçün dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı Azərbaycanın qədim şəhərlərinin zəngin memarlıq ənənələrinə malik olduğunu da diqqətə çatdırıb.
Azərbaycan xalqı yalnız musiqisi və poeziyası ilə deyil, həm də qədim memarlıq nümunələri ilə fəxr edir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətin əsas vəzifələrindən biridir. Bu baxımdan Bakının rəmzlərindən biri olan Qız qalası və digər tarixi abidələrin bərpası xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bildirib ki, uzun illər işğal altında qalmış ərazilər tamamilə dağıdılıb.

Hazırda həyata keçirilən “Böyük Qayıdış Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Son beş il ərzində bölgədə tunellər, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və beynəlxalq hava limanları tikilib. Hazırda 85 mindən artıq insan keçmiş məcburi köçkün kimi öz doğma torpaqlarında yaşayır, işləyir və təhsil alır.
Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın müasir şəhərsalma siyasətinin əsas istiqamətlərini, postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq işlərini və ölkənin dayanıqlı inkişaf strategiyasını bir daha nümayiş etdirdi.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti