GDU-da “44 gün Qarabağ – işğaldan azadlığa”  adlı kitabının təqdimat mərasimi keçirilib

İrlandiyanın Tirinti Universitetinin professoru, tarix elmləri doktoru Patrik Uolşun və GDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Saidə İsmayılzadənin müəllifi olduğu “44 gün Qarabağ – işğaldan azadlığa”  adlı kitabın Gəncə Dövlət Universitetində təqdimat mərasimi keçirilib.

GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək kitab haqqında məlumat verib. Bildirib ki, “44 gün Qarabağ – işğaldan azadlığa” adlı kitabda Qarabağın ən qədim dövrlərdən bəri  tarixi araşdırılıb tədqiq olunub, elmi cəhətdən mərhələlər üzrə təhlil edilib. Burada Qarabağ sözünün etimologiyasından tutmuş Qafqaz Albaniyası dövründə, Hun və Xəzər imperiyaları zamanlarında, Səlcuqlar və Atabəylər mərhələlərində orta əsrlərdə xanlıqlar zamanı Qarabağda baş verən hadisələr xronoloji ardıcıllıqla mənbələr əsasında şərh olunub.

GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında bildirib ki, kitabdakı tarixi məqamlar Qarabağın qədim və əzəli Azərbaycan torpağı olması haqqındakı obyektiv reallığı dolğun və hərtərəfli şəkildə əks etdirir. Monoqrafiya Qarabağ probleminin tarixi kökləri, səbəbləri, mərhələləri, gedişatı və nəticələrini araşdırıb əks etdirən, elmi cəhətdən ümumiləşdirib təqdim edən  mühüm elmi tədqiqat əsəridir. Kitabda 44 günlük Vətən müharibəsi dövründə baş verən hadisələr, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qələbə, əsgər və zabitlərimizin şücaəti, xalqımızın zəfər ruhu real faktlar əsasında təqdim olunub.

Rektorun baş müşaviri Asif Cavadov çıxışında “44 gün Qarabağ – işğaldan azadlığa” adlı kitabın tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından önəmini vurğulayıb.

Kitabın həm müəllifi Patrik Uolş və siyasi şərhçi Nil Uotson çıxışında bildirib ki,bu sadəcə tarixi kitab deyil, dərin analitik əsərdir. Kitabda Azərbaycan xalqının öz süverenliyinin və tarixi iradəsinin bərpası, ərazi bütövlüyünü isə həm döyüş meydanında, həm də danışıqlar masasında necə təmin olunması faktlar əsasında qələmə alınıb.  

Həm müəllif Saidə İsmayılzadə kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, kitabda II Qarabağ müharibəsi dövrünün tədqiqinə xüsusi olaraq iki fəsil həsr olunub. Monoqrafiyanın üçüncü fəslində II Qarabağ müharibəsinin hüquqi və siyasi tərəfləri araşdırılıb. Burada Qarabağın beynəlxalq hüquqi statusu, BMT qətnamələri, Ermənistanın qanunsuz fəaliyyətləri və Minsk qrupunun siyasəti təhlil olunub. Aprel döyüşlərinin II Qarabağ müharibəsindəki tarixi rolu regiondakı geosiyasi reallıqları aydınlaşdırmaq baxımından aydın elmi mövqedən işıqlandırılıb. “II Qarabağ müharibəsi” adlanan IV fəsildə “Dəmir Yumruq” əməliyyatının mahiyyətini, hərbi-tarixi və ictimai-siyasi cəhətdən düzgün izah edilib. Kitab “Postmüharibə dövrü və yeni regional güc nizamı” fəsli ilə tamamlanır. Zəngəzur dəhlizinin mahiyyəti və əhəmiyyəti də 44 günlük Qarabağ müharibəsinin və Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və qətiyyətli siyasəti fonunda aydın surətdə əks olunub.

DİM-in Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov çıxışında tarix boyu Qarabağda dinc soydaşlarımıza qarşı işğalçı ermənilərin  törədiyi faciələrdən, müharibənin ağır nəticələrindən bəhs edib. Tarixi həqiqətlərin kitabda əks olunmasının gələcək nəsillərin düzgün məlumatlandırılması baxımından önəmini diqqətə çatdırıb.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, dosent Zöhrə Əliyeva və AMEA-nın Azad Həmkarlar Təşkilatının sədri, dosent Sənan Həsənov kitab haqqında fikirlərini bölüşüblər.

Tədbirin sonunda kitabın müəlliflərinə Fəxri fərman təqdim olunub.