“Akademik Nurəddin Mustafa oğlu Kazımov-100” mövzusunda elmi konfrans keçirilib

Gəncə Dövlət Universitetində Ümumi pedaqogika kafedrasının təşkilatçılığı ilə “Akademik Nurəddin Mustafa oğlu Kazımov-100” mövzusunda elmi konfrans keçirilib. Konfrans Azərbaycan elminin korifeylərindən biri, pedaqogika elminin inkişafına böyük töhfələr vermiş, Əməkdar elm xadimi, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü Nurədin Mustafa oğlu Kazımovun anadan olmasının 100 illiyinə həsr olunub.

Elmi konfransdan öncə tədbir iştirakçıları akademik Nurəddin Kazımovun müəllifi olduğu kitablardan ibarət sərgiyə baxış keçiriblər.

Konfransda akademikin ölkə üzrə yetirmələri olan ziyalılar, o cümlədən GDU-nun professor-müəllim heyəti iştirak edib. 

Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək bildirib ki, pedaqogika elminin görkəmli nümayəndələrindən biri olan Nurəddin Kazımov ömrünün 65 ilini müəllimliyə, elmə, xalqının maariflənməsinə, cəmiyyətin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Yazdığı bir-birindən dəyərli əsərləri ilə yalnız ölkəmizdə deyil, xaricdə də tanınmışdır. Adı həmişə böyük hörmətlə çəkilən Nurəddin müəllim uzun illər Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Təhsil İnstitutunun) direktoru, ADPU-nun prorektoru, nəhayət 34 il Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının rəhbəri olmuşdur. Prezident təqaüdçüsü, bir sıra  Orden və medallarla təltiv olunmuş, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımov şərəfli bir ömür yaşamışdır. 

Rektorun baş müşaviri Asif Cavadov bildirib ki, professor Nurəddin Kazımov ömrünü elmə və təhsilin inkişafına həsr etmiş, yetişdirdiyi tələbələr və yazdığı əsərlərlə Azərbaycan pedaqoji fikrində silinməz izlər qoymuşdur. Bu cür elmi konfranslar alimlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına və gənc tədqiqatçılar üçün örnək olmasına imkan yaradır. 

Konfransda Bakı Elm-Təhsil Mərkəzinin  direktoru, pedaqogika elmləri doktoru, professor Fərahim Sadıqov “İki əsrin sönməz məşəli (Akademik Nurəddin Kazımov-100)” adlı məruzə ilə çıxış edib. Professor Nurəddin Kazımovun ömr yolu və elmi fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Gəncədə doğulub boya-başa çatmış və şərəfli ömr yolu keçmiş professor Nurəddin Kazımovun hələ gənclik illərindən elmi-pedaqoji sahəyə böyük maraq və həvəsi var idi. Buna görə də daim oxuyur, araşdırmalar aparır, təhsilini artırırdı. O, ali təhsilini Leninqrad (indiki Sank-Peterburq) Dövlət Universitetində alır, respublikaya qayıdır və bir çox mühüm pedaqoji sahələrdə çalışır. Çox keçmir ki, elmə olan hədsiz həvəsi onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Təhsil İnstitutu) aspiranturasına gətirir. O, 1953-1956-cı illərdə aspiranturada təhsil almış, peşəkarlığını daha da artırmışdır.

Azərbaycan Respublikasının Təhsil İnstitunun elmi katibi, pedaqogika elmləri doktoru, professor Akif Abbasov “Akademik Nurəddin Kazımov: 100 illiyinin işığında”  mövzusunda çıxış edərək konfransın işinə uğurlar arzulayıb, konfransın əhəmiyyətindən söz açdı. Bildirib ki, konfrans çərçivəsində müzakirə olunacaq mövzular – dilçilik, təhsil və pedaqogikanın aktual problemləri – müasir dövrün çağırışları ilə səsləşir və bu sahələrdə yeni yanaşmaların formalaşdırılmasına töhfə verəcək.

Azərbaycan Respublikasının Təhsil İnstitunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov “Professor Nurəddin Kazımov irsində Azərbaycan pedaqogika elminin inkişaf istiqamətləri” mövzusunda çıxış edib. Qeyd olunub ki, təcrübə və peşəkarlığı artdıqca dəyərli ziyalımız Nurəddin Kazımovun fəaliyyət dairəsi də genişlənirdi. Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin böyük hissəsi ali məktəb həyatı ilə bağlı olmuşdur. Belə ki, dəyərli ziyalımız 1984-cü ildən başlayaraq 34 il Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının rəhbəri olmuş, neçə-neçə gəncin elmi işlərinə rəhbərlik etmiş, onlara diqqət və qayğı göstərmişdi. O, geniş elmi fəaliyyəti və dərin araşdırmaları nəticəsində pedaqoji problemlər üzrə bir-birindən dəyərli yeni fikir və nəzəriyyələr formalaşdırmışdı. 

Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının müdiri, pedaqogika elmləri doktoru, professor Şahin Tağıyev “Professor Nurəddin Kazımov – tələbkar elmi rəhbər, qayğıkeş ata, alovlu vətənpərvər” mövzusunda çıxış edərək müəllimi, elmi rəhbəri olmuş görkəmli ziyalı Nurəddin Kazımov haqqında xatirələrini bölüşüb. Onun zəngin pedaqoji fəaliyyəti, yüksək mənəvi keyfiyyəti və gənc nəslin yetişdirilməsindəki əvəzsiz xidmətlərindən bəhs edib. Professor Şahin Tağıyev bildirib ki, akademik Nurəddin Kazımovun elmi rəhbərliyi ilə yetişən ziyalılar bu gün ölkənin müxtəlif ali təhsil və elm müəssisələrində uğurla fəaliyyət göstərərək Azərbaycan elminin inkişafına mühüm töhfələr verirlər. Nurəddin Kazımov Azərbaycan dilçiliyi və pedaqogika sahəsində dərin iz qoymuş alimlərdən biridir və onun zəngin elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır, onun tədqiqatları bu gün də aktual olaraq qalır. Professorun yazdığı dərslik və dərs vəsaitləri bu gün də ali təhsil müəssisələrində tədris olunur. Professor Şahin Tağıyev onu da diqqətə çatdırıb ki, alimin əməyi dövlətimiz tərəfindən zaman-zaman layiqincə qiymətləndirilmişdir. Professor Nurəddin Kazımov səmərəli fəaliyyətinə və elm aləmində qazandığı uğurlara görə “Qabaqcıl maarif xadimi” döş nişanı, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Bu alim öz zəngin elmi fəaliyyəti, yüksək intellekti və vətənpərvər mövqeyi ilə gənc nəsil üçün əsl örnəkdir.

Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının müdiri, pedaqogika elmləri doktoru, professor, akademik Nurəddin Kazımovun yetirməsi Ləzifə Qasımova çıxış edərək Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi-pedaqoji kadrların yetişməsində akademik N.Kazımovun xidmətlərindən bəhs edib. Alimin pedaqogika sahəsində Milli Təhsil Konsepsiyasının və Milli pedaqoji nəzəriyyənin yaranmasında irəli sürdüyü ideyaların, müasir təhsil sistemində rolunu və aktuallığını xüsusi vurğulayıb.

Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vidadi Bəşirov “Akademik Nurəddin Kazımovun yaradıcılığında ənənə və müasirlik paradiqması” mövzusunda çıxış edib, alimin elmi və ədəbi irsində milli-mənəvi dəyərlərlə müasir elmi düşüncənin vəhdətindən ətraflı bəhs edib.

Görkəmli alim, professor Nurəddin Kazımovun oğlu Araz Kazımov konfransda çıxış edərək, atasının həyat və elmi fəaliyyətindən bəhs edib, onun xatirəsinə göstərilən diqqət və ehtirama görə GDU rəhbərliyinə və Ümumi pedaqogika kafedrasının müdiri Şahin Tağıyevə dərin minnətdarlığını bildirib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti