“Empatiya fərqlilikləri deyil, insanlığı görməkdir” mövzusunda seminar keçirilib
Gəncə Dövlət Universitetində tələbələrin sosial həssaslığının artırılması, inklüziv dəyərlərin təşviqi və empatiya bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Empatiya fərqlilikləri deyil, insanlığı görməkdir” adlı seminar təşkil olunub. Seminar Əlilliyi olan tələbələr üçün mərkəzin direktoru Turanə Qurbanovanın təşəbbüsü və Psixologiya kafedrasının müəllimləri Zülalə Xəlilova və Elvira İsayevanın iştirakı ilə keçirilib.
Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup tələbəsi iştirak edib.
Seminar zamanı empatiyanın insan münasibətlərindəki əhəmiyyəti, fərqliliklərə hörmət, sosial dəstək və inklüziv cəmiyyətin formalaşdırılması mövzularında geniş fikir mübadiləsi aparılıb. İnteraktiv müzakirələr və praktik yanaşmalar əsasında keçirilən seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Çıxış edənlər vurğulayıb ki, empatiya yalnız başqasının hisslərini anlamaq deyil, həm də insanı insan kimi qəbul etməyin ən vacib mənəvi göstəricilərindən biridir.
Seminar çərçivəsində tələbələr müxtəlif situativ nümunələr üzərində düşünərək empatiyanın gündəlik həyatda və gələcək peşə fəaliyyətində rolunu müzakirə edib, tolerant və həssas münasibətin cəmiyyət üçün əhəmiyyətini vurğulayıblar.
Tədbirdə o da qeyd olunub ki, belə maarifləndirici seminarlar tələbələrin sosial məsuliyyət hissinin gücləndirilməsində mühüm rol oynayır.


