GDU-da Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan əvvəl Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Anatomiya, fiziologiya və zoologiya kafedrasının əməkdaşı Zərifə Seyidovanın Seleksiya və heyvandarlıq ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş diplomu təqdim edərək, ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

İclasda o da bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı tərəfindən keçirilən “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışında Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət komanda 1-ci yeri qazanıb və  GDU-nun qalib komandası YAP Gəncə şəhər Təşkilatı tərəfindən kubok və fəxri fərmanla təltif  edilib. Bu münasibətlə rektor Yusif Yusibov tələbələri təbrik edib, uğurların davamlı olmasını arzulayıb.

Daha sonra rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

Yaz imtahan  sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında Tədris departamentinin direktoru Elturan Yusifovun çıxışı dinlənilib. Çıxışda diqqətə çatdırılıb ki, 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyasının 1 iyun 2026-cı il tarixdə başlaması və 3 iyul tarixdə yekunlaşması nəzərdə tutulur. Gəncə Dövlət Universitetində qarşıdan gələn yaz imtahan sessiyasının mövcud qanunvericiliyin, təhsil standartlarının və universitetdaxili akademik qaydaların tələblərinə uyğun, şəffaf, obyektiv və mütəşəkkil şəkildə keçirilməsi məqsədilə zəruri təşkilati, metodiki, texniki və nəzarət tədbirləri həyata keçirilib. Sessiyaya hazırlıq çərçivəsində Tədris departamenti tərəfindən bütün fakültələr üzrə imtahan cədvəlləri hazırlanıb, cədvəllər təsdiq edilərək fakültə və kafedraların elan lövhələrində yerləşdirilib, eyni zamanda tələbələrin şəxsi kabinetlərinə və universitetin rəsmi informasiya resurslarına yüklənib. İmtahan sessiyasının səmərəli təşkili, prosesə operativ nəzarətin həyata keçirilməsi, müraciətlərin araşdırılması və şəffaflığın təmin edilməsi məqsədilə Universitet üzrə İmtahan Qərargahı, İmtahan Mərkəzi, Apellyasiya Komissiyası və İctimai Nəzarət Şurası yaradılıb. Hazırlıq istiqamətində imtahanların keçiriləcəyi auditoriyalar əvvəlcədən yoxlanılıb, işıqlandırma, havalandırma və texniki təminat məsələləri nəzərdən keçirilib.

İclasda İnnovasiyalar Departamentinin 2025/2026-cı tədris ilində yerinə yetirdiyi işlərə dair departamentin direktoru Vasif Həsənovun geniş məruzəsi dinlənilib. Vasif Həsənov bildirib ki, universitetdə innovativ yanaşmaların tətbiqi, təhsil mühitində yeni texnologiyaların inteqrasiyası əsas prioritet istiqamətlərindən birinə çevrilib. İnnovasiyalar Departamenti məhz bu prioritetlərə uyğun olaraq universitet üzrə 2023-2028-ci illəri əhatə edən Strateji İnkişaf Planı əsasında mühüm layihə və təşəbbüslərin həyata keçirilməsini təmin edib. 2025/2026-cı tədris ili ərzində departament tərəfindən universitetdə innovasiya potensialının artırmaq, elmi tədqiqatları inkişaf etdirmək, beynəlmiləl universitetə çevrilmək, dayanıqlı inkişafı təşviq etmək, innovasiya və sahibkarlığın inkişafını dəstəkləmək, startap və layihə fəaliyyətlərinin təşviqi istiqamətində sistemli işlər aparılıb. Bu məqsədlə müxtəlif təlimlər, seminarlar, vebinarlar, innovasiya forumları və layihə müsabiqələri təşkil edilib.

İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev diqqətə çatdırıb ki, müxtəlif sahələrdə biliklərin artırılması məqsədilə əməkdaşların, həmçinin tələbələrin kurslarda və layihələrdə iştirakı təmin olunub. Belə ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Təhsilin İnkişafı Fondu və qlobal onlayn təhsil platforması olan “Coursera” şirkəti arasında bağlanmış əməkdaşlıq çərçivəsində GDU-nun əməkdaşları və tələbələr “4Sİ Akademiyası – Milli Proqram” layihəsində fəal iştirak ediblər. Tamamlanmış kurslar əsasən təhsil, şəxsi inkişaf, data analitika, süni intellekt, proqramlaşdırma, biznes və maliyyə sahələrini əhatə edib.  Statistik rəqəmlərə əsasən 2025-ci il tarixdən 2026-cı ilin aprel ayı tarixinə qədər “4Sİ Akademiyası – Milli Proqram”ı çərçivəsində Gəncə Dövlət Universitetindən 185 əməkdaş 946 kursa qoşulub, 158 tələbə isə 1317 kursda iştirak edib. Kursu uğurla başa vuran əməkdaşlar və tələbələr sertifikatla təltif olunublar.

İclasda GDU Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərovanın TEC xətti ilə aparılan elmi-tədqiqat işlərin vəziyyətinə dair çıxışı dinlənilib. TEC sədri tələbələrin elmi fəaliyyətə cəlb olunması, onların tədqiqat vərdişlərinin formalaşdırılması və bu sahədə sistemli işin təşkili, keçirilən elmi konfrans, seminar, bilik yarışı, müsabiqə, təlim və ustad dərsləri haqqında ətraflı məlumat verib.

Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

 Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.