magistratura səviyyəsində təhsil alan tələbələrimiz “FİZİKANIN MÜASiR ÇAĞIRIŞLARI” ADLI respublika ELMİ  KONFRANSlnda iştirak ediblər

Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Fizikanın müasir çağırışları” adlı respublika elmi  konfransı keçirilib.

  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.

  Elmi konfransda Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Fizika və texniki fənlər fakültəsinin dekanı, professor  Muğan Quliyev, Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  Fizika İnstitutunun əməkdaşları və doktorantları, GDU-nun Fizika, eləcə də ÜTF və texnologiya kafedrasının müəllimləri və  magistratura səviyyəsində təhsil alan tələbələr iştirak ediblər.

Elmi  konfrans kondensə olunmuş maddə fizikası, fizikanın tədrisi, tətbiqi və materialşünaslıq, onun tətbiqi və digər elmi istiqamətlərə həsr olunub.  Mövzu ilə bağlı 70-dən çox məqalə nəşr edilib.

  Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, ölkəmizdə energetika və elektron  sənayesinin inkişafı  Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.  Hazırda  bütün sahələrdə olduğu kimi energetika, elektronika və  alternativ enerji mənbələrinin  inkişafına böyük önəm verilir və bu sahədə mühüm tədbirlər həyata keçirilir.

Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov magistratura səviyyəsində təhsil alan tələbələrin elmi seminarlarda fəal iştirakının onlarda analitik düşüncə bacarıqlarının inkişafına, müasir elmi yeniliklərlə yaxından tanış olmalarına və gələcək tədqiqatçı kimi formalaşmalarına fayda verəcəyini bildirib.

Fizika və texniki fənlər fakültəsinin dekanı, professor  Muğan Quliyev  çıxış edərək “Fizikanın müasir çağırışları” adlı respublika konfransının elmi səmərəsindən bəhs edib, gənc tədqiqatçıların bu sahə üzrə elmi fəaliyyətə marağının artırılmasına mühüm töhfə verəcəyini bildirib.

Fizika kafedrasının müdiri, dosent Yəhya Namazov   müasir dövrdə fizika elmi qarşısında duran aktual məsələlərdən ətraflı danışıb. Eyni zamanda, fundamental və tətbiqi fizika sahələrində aparılan müasir elmi araşdırmaların texnoloji tərəqqinin sürətləndirilməsi, innovativ həllərin formalaşdırılması və cəmiyyətin dayanıqlı inkişafının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuylayıb.

Konfrans 3 bölmə iclası ilə davam edib.