GDU-da “Məzun Günü” keçirilib
Gəncə Dövlət Universitetində (GDU) “Məzun Günü” keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi anılıb.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop, Vətən müharibəsi qaziləri, şəhid ailə üzvləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Universitetin rektoru Yusif Yusibov məzunları təbrik edərək onlara gələcək həyatlarında, peşə fəaliyyətlərində və karyeralarında uğurlar arzulayıb, məzunların universitetdə əldə etdikləri biliklər əsasında yüksəkixtisaslı mütəxəssislər kimi fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib. Rektor gənclərə milli-mənəvi dəyərlərə sadiq qalaraq Vətənə və xalqa layiqincə xidmət etməyi, həmçinin məzunu olduqları ali təhsil müəssisəsinin nüfuzunu hər zaman qorumalarını və onu uğurla təmsil etmələrini tövsiyə edib. Rektor Yusif Yusibov diqqətə çatdırıb ki, 2025/2026-cı tədris ilində universitetdə ümumilikdə 2000-dən çox tələbə məzun olur. Bir vaxtlar yalnız pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetdə hazırda müxtəlif sahələrdə bakalavriat səviyyəsi üzrə 46 ixtisas, magistratura səviyyəsi üzrə isə 23 ixtisas üzrə 64 ixtisaslaşmaya aid kadrlar hazırlanır. Son 10 ildə isə Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin sayı 2 dəfəyə qədər yüksəlib. Çıxışında ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışan rektor Yusif Yusibov universitetin beynəlxalq reytinqlərdə artan nüfuzundan, müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığından və tələbələr üçün yaradılan imkanlardan söhbət açıb. O da diqqətə çatdırılıb ki, Universitetdə yüksək ixtisaslı pedaqoji və elmi kadrların hazırlanması istiqamətində, tədris prosesinin, elmi-tədqiqat işlərinin təşkilində daim uğurlu işlər həyata keçirilir, professor-müəllim heyətinin və tələbələrin müxtəlif proqramlar çərçivəsində yerli və beynəlxalq layihələrdə iştirakı təmin olunur və dünyanın nüfuzlu ali məktəbləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məzunlara səmimi ürək sözlərini çatdırıb, Gəncə Dövlət Universitetinin məzunları arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib.
Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop gənclərin təhsil almasının önəmində danışıb, məzunlara gələcək işlərində uğurlar arzu edib.
Şəhid Elşən Abdullayevin atası Sabir Abdullayev çıxış edərək ali təhsil ocağında yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, gənclərin vətənpərvər ruhunda yetişdirilməsinə önəm verən univseritet rəhbərliyinə minnətdarlığını bildirib.
İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu Tellan Zeynalova çıxışında Gəncə Dövlət Universitetinin məzunu olmaqdan qürur duyduğunu dilə gətirib, tələbələrə göstərilən yüksək diqqət və qayğıya görə universitetin rəhbərliyinə və müəllimlərə minnətdarlığını ifadə edib.
Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə bir qrup məzuna Fəxri fərman təqdim olunub.
“Məzun Günü” konsert proqramı ilə davam edib və möhtəşəm atəşfəşanlıqla başa çatıb.














