GDU-da yeni Kompüter laboratoriyaları, eləcə də İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Klubu istifadəyə verilib
GDU-da yeni kompüter laboratoriyaları, eləcə də İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Klubu istifadəyə verilib
Gəncə Dövlət Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir çağırışlara uyğunlaşdırılması istiqamətində görülən işlərin davamı olaraq Riyaziyyat və informatika fakültəsində müasir kompüter avadanlıqları ilə təchiz olunmuş iki yeni laboratoriya istifadəyə verilib.
Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, professor-müəllim heyəti və tələbələr yeni laboratoriya ilə yaxından tanış olublar.
Riyaziyyat və informatika fakültəsinin dekanı Oruc Hüseynov bildirib ki, laboratoriyanın yaradılmasında məqsəd tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, müasir texnologiyalarla işləmək sahəsində praktiki təcrübə qazanmaları və əmək bazarının tələblərinə cavab verən peşəkar mütəxəssislər kimi formalaşmaları üçün yüksək parametrli kompüterlərlə təchiz olunmuş müasir tədris mühitinin yaradılmasıdır.
Riyaziyyat və informatika fakültəsinin professoru, informatikanın tədrisi metodikası ixtisasında pedaqogika elm sahəsi üzrə elmlər doktoru Mehriban Həsənova çıxışında diqqətə çatıdırıb ki, yeni istifadəyə verilən laboratoriya İnformasiya texnologiyaları sahəsi üzrə yüksək ixtisaslı mütəxəssis hazırlanmasına, eləcə də tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verəcək. M.Həsənova vurğulayıb ki, laboratoriyada təşkil olunacaq məşğələlər ixtisas fənlərinin daha dərindən, praktik yönümlü və müasir tələblərə uyğun şəkildə tədrisinə əlverişli şərait yaradacaq. Eyni zamanda, laboratoriyanın yüksək performanslı və ən son texnologiyalar əsasında qurulmuş avadanlıqlarla təchiz edilməsi tələbələrə İT sahəsində geniş tətbiq olunan müasir proqram təminatları ilə işləmək, praktiki bacarıqlarını inkişaf etdirmək və innovativ layihələr həyata keçirmək imkanı qazandıracaq.
Daha sonra Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsinin nəzdində İnformatika və cəbr kafedrasının professoru Mehriban Həsənovanın rəhbərliyi ilə yaradılmış ZeroDay İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Klubu istifadəyə verilib. Məlumat verilib ki, klubun əsas istiqamətləri informasiya texnologiyaları, proqramlaşdırma, kompüter sistemləri, şəbəkə texnologiyaları və kibertəhlükəsizlikdir. Bununla yanaşı tələbələrin proqramlaşdırma bacarıqlarının, alqoritmik düşüncənin və layihə əsaslı proqram təminatı hazırlığı vərdişlərinin inkişaf etdirilməsi, süni intellekt və maşın öyrənməsi üzrə ilkin və orta səviyyəli təlimlərin keçirilməsi, tələbələrin respublika və beynəlxalq səviyyəli texnoloji yarışlara, olimpiadalara, hakatonlara və elmi-praktik tədbirlərə hazırlanması, tələbələr arasında bilik mübadiləsi, istedadlı tələbələrin müəyyənləşdirilməsi və onların elmi-praktik fəaliyyətə cəlb olunması yeni yaradılan klubun əsas fəaliyyətinə daxildir.
Tədbir çərçivəsində ZeroDay İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Klubunun sədri və üzvləri startap lahiyələrini təqdim ediblər. Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova və professor-müəllim heyəti tələbələrin startap layihəsini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, belə təşəbbüslər tələbələrin potensial imkanlarının üzə çıxarılmasında, istedadlı və perspektivli gənclərin aşkar edilməsində, eləcə də onların müasir dövrün çağırışlarına uyğun kadrlar kimi yetişdirilməsində əhəmiyyətli rol oynayır.
Tələbələr texnoloji təşəbbüslərinin inkişaf etdirilməsi və reallaşdırılması üçün yaradılan əlverişli şəraitə, eləcə də göstərilən dəstəyə görə universitetin rektoru Yusif Yusibova minnətdarlıqlarını bildiriblər.











