GDU-da 27 Sentyabr – Anım gününə həsr olunan tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsində 27 Sentyabr –Anım Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, Şanlı Zəfər qazanıldı və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Prorektor onu da vurğulayıb ki, Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı Urfan Həsənov çıxış edərək qeyd edib ki, biz otuz il ərzində torpaqlarımızın işğaldan azad ediləcəyi ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, Müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.
Tədbirdə Ümumi tarix kafedrasının müdiri Etibar Musayev, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı , Ümumi tarix kafedrasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova çıxış edərək 44 günlük Vətən müharibəsinin şanlı tariximizə qızıl hərflərlə yazıldığından danışıblar. Bu tarixi qələbənin min illiklər keçsə belə yaddaşlardan silinməyəcəyini dilə gətiriblər.
Tədbirdə 27 Sentyabr –Anım Gününə həsr olunan videoçarx nümayiş etdirildikdən sonra tələbələr bədii kompozisiya nümayiş etdiriblər.







