Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə sənayenin genişləndirilməsi ilə yanaşı, təbiətin qorunması və ekoloji standartların təmin edilməsi məsələləri də xüsusi diqqət mərkəzində olub.

Dağ-mədən və metallurgiya sənayesinin genişlənməsi ölkənin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaratsa da, bu prosesin iqtisadi səmərəliliklə yanaşı, ekoloji dayanıqlılıq prinsipləri əsasında həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Müşavirədə Prezident İlham Əliyevin Qərb Sənaye Parkında və digər dağ-mədən layihələrində maksimum ekoloji ekspertizanın aparılması və bütün ekoloji normaların gözlənilməsi barədə tapşırıqları bu yanaşmanın əsas istiqamətini müəyyən edir.

Dövlət başçısının müşavirədə bildirdiyi kimi, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu məhv edilib. Eyni zamanda, Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə cəlb olunması nəzərdə tutulur. Proqramın iqtisadi miqyası ekoloji idarəetmənin də eyni səviyyədə gücləndirilməsini zəruri edir: “2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının 1,3 milyard manatdan 3,4 milyard manata yüksəldilməsi və 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiyanın həyata keçirilməsi nəzərdə tutulur. Belə geniş investisiya və istehsal miqyası fonunda ekoloji ekspertiza, monitorinq və bərpa mexanizmlərinin layihələrin ayrılmaz hissəsinə çevrilməsi uzunmüddətli dayanıqlılıq baxımından mühüm şərtdir.

Dağ-mədən sənayesinin inkişafında əsas məsələ təbii ehtiyatların iqtisadi dəyərə çevrilməsi ilə təbii kapitalın qorunması arasında balansın təmin edilməsidir. Müasir texnologiyaların, yüksək ekoloji standartların və davamlı monitorinq mexanizmlərinin tətbiqi nəticəsində yeni sənaye güclərinin yaradılması keyfiyyətli ekoloji mühitin qorunması ilə uzlaşdırıla bilər.

Müşavirədə Prezident İlham Əliyev dağ-mədən layihələrində ekoloji normaların ən yüksək standartlara cavab verməsinin həm dövlət şirkətləri, həm də xarici tərəfdaşlar üçün məcburi tələb olduğunu bildirib və təbiətin qorunmasının prioritet xarakter daşıdığını xüsusi vurğulayıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti