GDU-nun fakültələrində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Gəncə Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsi və Filologiya və xarici dillər fakültəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova müəllim peşəsinin cəmiyyətin inkişafındakı mühüm rolundan bəhs edib. O bildirib ki, Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd olunur və bu əlamətdar günə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Afaq Qasımova onu da bildirib ki, Ulu Öndər Heydər Əliyev müəllim peşəsinə hər zaman yüksək qiymət vermiş, təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.

Filologiya və Xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev çıxışında XXI əsrin elm və informasiya əsri kimi xarakterizə olunduğunu qeyd edərək, müasir dövrdə təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən danışıb. O bildirib ki, təhsilin inkişafına göstərilən dövlət qayğısı Azərbaycanın beynəlxalq elmi-təhsil məkanına inteqrasiyasını sürətləndirir, ölkənin dünya miqyasında tanınmasına və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına mühüm töhfə verir. Y. Əliyev fakültədə yüksək ixtisaslı müəllim və pedaqoji kadrların hazırlanmasının əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Tədbirdə bildirlib ki, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup professor-müəllim heyətinə  Həmkarlar İttifaqı Komitəsinin xətti ilə pul mükafatı ayrılıb.Eyni zamanda səmərəli elmi pedaqoji fəaliyyətinə görə fərqlənən 10 nəfər müəllimə həmkarlar komitəsinin xətti ilə Fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, tədbirdə fakültədə uzun illər ərzində elmi-pedaqoji və təşkilati fəaliyyət göstərmiş, hazırda isə təqaüddə olan əməkdaşlar da iştirak ediblər. Onlara da uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim olunub.

Tədbirin yaddaqalan məqamlarından biri tələbələrin müəllimlər üçün hazırladıqları video təbriklərin nümayişi olub. Tələbələrin müəllimləri haqqında səsləndirdikləri səmimi fikirlər, minnətdarlıq ifadələri və xoş arzular tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir tələbələrin ifasında səsləndirilən şeirlər və musiqi nömrələri ilə davam edib.