GDU tələbələri Gəncə SOS Uşaq Kəndində praktik-seminar məşğələlərində iştirak edirlər
Gəncə Dövlət Universiteti ilə Gəncə SOS Uşaq Kəndi arasında bağlanmış ikitərəfli müqaviləyə əsasən əməkdaşlıq əlaqələri uğurla davam edir.
Universitetin Tarix və coğrafiya fakültəsinin Sosial iş ixtisası, Pedaqoji fakültənin isə Psixologiya və Təhsildə sosial-psixoloji xidmət ixtisaslarının III kurs tələbələri Gəncə SOS Uşaq Kəndində praktik-seminar məşğələlərində iştirak edirlər.
Praktik məşğələlərin keçirilməsində əsas məqsəd tələbələrin ali məktəbdə əldə etdikləri nəzəri bilikləri möhkəmləndirmələri və gələcək peşə fəaliyyətləri üçün praktiki bacarıqlar qazanmalarıdır.
Məşğələlər zamanı tələbələr uşaqlarla sosial və psixoloji işin təşkili, onların sosiallaşması, fərdi xüsusiyyətlərinin nəzərə alınması, ünsiyyət və davranışlarına yanaşma, eləcə də sosial-psixoloji dəstəyin göstərilməsi ilə bağlı praktik təcrübə əldə edirlər.
7 oktyabr 2026-cı il tarixində Sosial iş ixtisasının III kurs tələbələri üçün keçirilən seminar məşğələsində Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, Gəncə SOS Uşaq Kəndinin sosial işçisi Günel Hüseynli, fənn müəllimləri və III kurs tələbələri iştirak ediblər.
Çıxış edənlər bildirib ki, praktik-seminar məşğələləri tələbələrin peşə hazırlığının gücləndirilməsi, nəzəri biliklərlə praktiki fəaliyyət arasında əlaqənin yaradılması və gələcəkdə ixtisasları üzrə səmərəli fəaliyyət göstərmələri baxımından mühüm əhəmiyyət daşıyır.




